• Ç. Noy 27th, 2024

Amerikalı diplomatın “sülh səfəri”: Ermənistanın mənasız cəhdi – TƏHLİL

ByYenigun.news

Apr 19, 2022

ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Dövlət Departamentindən alınan təlimat əsasında, ABŞ-ın Qafqazdakı danışıqlar üzrə baş müşaviri Endryu Şaferi Ermənistana yola salıb. Şafer artıq İrəvandadır və yolunu buradan sonra Bakıya salacaq.

Bu səfər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Qərbin bundan sonrakı rolunun hansı səviyyədə olacağını müəyyən etmək üçün kəşfiyyat xarakteri daşıyır.

Hərçənd ki, cənab Şaferin siması və soyadı bizə əvvəldən tanışdır, o, bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri qismində regiona səfərlər edib.

ATƏT-in Minsk qrupunun həmsədri – biz bu ifadəni işlədərkən taleyi de-yure cəhətdən böyük sual altında olan, faktiki olaraq dəfn edilən bir institutu nəzərdə tuturuq.

Tarixi yada salmırıq, son iki ildəki tablodan çıxarış etsək, görürük ki, ATƏT-in Minsk qrupunun ali platforması olan həmsədrlik kürsüsü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair normal düsturlar verə bilmir.

Ukraynadakı müharibə isə ABŞ, Rusiya və Fransanı Cənubi Qafqaza dair onsuz da əvvəldən də şübhəli olan vahid baxış müstəvisindən uzaqlaşdırır və tərəflər ancaq öz dövlətlərinin iradəsi ilə proseslərdə aktiv iştirakçılığa can atırlar.

Elə ABŞ Dövlət Departamenti də amerikalı diplomatın regiona səfərini həmsədr qiyafəsindəki trafik adlandırmaqdan qaçır.

Dövlət Departamentinin səfər barədə məlumatı:

“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə necə dəstək verə biləcəyini müzakirə etmək üçün Qafqazdakı danışıqlar üzrə baş müşaviri Endryu Şaferi regiona göndərir”.

Buna rəğmən Ermənistan hələ də bulanıq sularda balıq tutmaq sevdasından əl çəkmir.

Ermənistanın rəsmi resursları və media platformasının təqdimatlarında Şaferin İrəvanda keçirdiyi görüşlər həmsədr çərçivəsinə salınır. Məlumatlarda Şaferin adının önünə “həmsədr” epiteti yapışdırılır.

Minsk qrupunun tərkibinin dəyişdirilməsi və ya həmsədrlik postunun ləğvi proseduru həyata keçirilməyib, amma faktiki olaraq həmsədrlik dərinləşən qlobal ziddiyyətlər burulğanında sovrulub. Bu tezisi gücləndirən arqumentlər:

1. Rusiyanın rəsmi şəkildə bəyanatları,

2. Bir neçə gün öncə fransalı həmsədr Bris Rokfey Ermənistana səfər etdi. Amma o, həmsədr qismində deyil, Fransa Xarici İşlər Nazirliyinin Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi kimi İrəvanda idi,

3. ABŞ da yaydığı informasiya ilə həmsədrliyin tarixə qovuşduğu məntiqini gücləndirdi.

İndi Ermənistanın “həmsədr” müraciəti isə ümidsizlik və çarəsizlikdən doğan təəssüratlardır və instinktiv mahiyyət daşıyır.

ABŞ-ın məqsədi həmsədr kimi yox, məhz qlobal oyunçu kimi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin sətirləri arasına öz marağını qatmaqdır.

Prosesin qlobal çəkişmələr fonunda hansı yöndə olacağı başqa mövzudur, bizim demək istədiyimiz odur ki, Ermənistanın “qəbri” üzərində “başdaşı” ucaldılan həmsədrliyi diriltmək cəhdlərinin heç bir əsası yoxdur və bu səyləri nəticəsiz qalacaq.

Aqşin Kərimov  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir