• Ça. Noy 26th, 2024

Andrey Kortunov: “Aİ Moskvadan təşəbbüsü ələ keçirməyə çalışır” – RUSİYADAN MÜSAHİBƏ

ByYenigun.news

Apr 8, 2022

“Avropa İttifaqı müəyyən mənada Bakı ilə İrəvan arasında razılaşmanın əldə olunmasında təşəbbüsü Moskvadan almağa və əsas vasitəçi olmasa da, heç olmasa əsaslardan biri kimi çıxış etməyə çalışır”.

Bunu Oxu.Az-a müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov “Brüssel danışıqlarından sonra nikbinliyə əsas varmı?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, optimizm üçün hər zaman səbəb tapıla bilər.

“Bunun nə dərəcədə alınacağını söyləmək çətindir. Amma yəqin ki, başqa şeylərlə yanaşı, belə cəhdlər alqışlanmalıdır. Bəlkə də onlar uğurlu olacaq”, – deyə o bildirib.

Ekspert Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin hazırda korlanması səbəbindən Avropanın aktivliyinin Moskvada qısqanclıqla qarşılacağını bildirib.

“Avropa İttifaqının postsovet məkanında istənilən fəaliyyəti Kremldə və ya Rusiya Xarici İşlər Nazirliyində müxtəlif emosiyalara səbəb ola bilər. Ancaq buna baxmayaraq, məsələ çox çətindir. Mən istərdim ki, müxtəlif vasitəçilər, mediatorlar bir-birlərinə zidd deyil, birgə işləsinlər. Üstəlik, bu vəziyyət (Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı – red.) Moskva ilə Brüsselin maraqlarının üst-üstə düşdüyü nadir hallardan biridir”, – deyə politoloq əlavə edib.

Müsahib İrəvanda keçirilən və keçiriləcək müxalifət aksiyaları, həmçinin Ermənistan hökumətinin özündə də Azərbaycanla sülh sazişinin mümkün imzalanmasının əleyhdarlarının olması ilə bağlı məsələlərinə münasibət bildirib. Onun sözlərinə görə, hər şey sülh müqaviləsinin şərtlərindən asılıdır, burada detallar vacibdir.

“Amma prinsipcə, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl ediləcəyindən və bunun sülh müqaviləsində göstəriləcəyindən çıxış etsək, o zaman İrəvanda çoxlarının xoşuna gəlməyəcəyi aydındır. Onlar hesab edirlər ki, Qarabağ məsələsində “öz müqəddəratını təyinetmə” (dırnaq işarəsi bizə aiddir – red.) ilə bağlı hüquq normalarından istifadə edilməlidir. Odur ki, Ermənistan siyasi qüvvələrinin əhəmiyyətli hissəsi üçün vəziyyətin hansısa yolla dəyişə biləcəyi ümidi ilə məsələnin (Azərbaycanın ərazi bütövlüyü – red.) açıq qalması daha məqsədəuyğun olardı”, – deyə Andrey Kortunov bildirib.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir