Dünən, aprelin 3-də ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbətin mövzusu aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüş olub.
Məlum olub ki, Antoni Blinken bu minisammitlə bağlı Azərbaycan tərəfinin narahatlığından xəbər tutub.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, aprelin 5-nə planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf formada təşkili, onun qeyri-inklüziv xarakteri və Azərbaycanın ədalətli etirazına baxmayaraq, təxirə salınmaması sülhə gətirib çıxarmayacaq və yekunda Cənubi Qafqazda əməkdaşlıq və bölücü xətlərin artmasına, son nəticədə gərginliyə səbəb olacaq.
Rusiyalı politoloq və publisist Andrey Nikulin Oxu.Az-a müsahibəsində sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:
– Bir tərəfdən, Brüsseldəki üçtərəfli danışıqlar İrəvanın Avropa və Qərb strukturlarına inteqrasiya istiqamətində nəzərəçarpacaq hərəkətdir. Digər tərəfdən, bu görüşün əhəmiyyətini çox yüksək qiymətləndirmək də lazım deyil. Bu, gələcəkdə də baş tutacaq görüşlərdən biridir. Ermənistanın da iştirak etdiyi bu proses onilliklər olmasa da, illərlə çəkəcək. Amma, bəli, bu həm də İrəvanın Moskvadan aralanmaq üçün atdığı növbəti nümayişkaranə addımıdır.
– Qərbdən Ermənistana müəyyən təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı xəbərlərin arxasında nə dayanır? Bu, həqiqətən baş verəcəkmi?
– Nə Avropa, nə də ABŞ Ermənistana əhəmiyyətli, konkret, hərtərəfli təminat verə bilməz. Qərb Ukrayna ilə məşğuldur, eyni zamanda Afrika və Asiya cəbhəsində problemlər var. Təbii ki, logistika məsələsi də mövcuddur. Ermənistan çox narahat vəziyyətdədir, onun dəstəyi və təchizatı ancaq Türkiyə, Azərbaycan və Rusiyanın ciddi təsiri altında olan Gürcüstan vasitəsilə mümkündür. Ankara, Bakı və Moskva çətin ki, Gürcüstan ərazisindən Ermənistana sərbəst və maneəsiz tranzitə razılaşsınlar. Amma bütün bunlar Ermənistan ordusunda islahatların dəstəklənməsi, hərbi kadrların hazırlanması və Qərbin bəzi hərbi yardım paketlərinin təqdim edilməsi ilə bağlı bəzi tədbirlərin ləğvinə gətirmir. Digər məsələ ondan ibarətdir ki, bütün bunlar Azərbaycanın, xüsusən də Türkiyənin hərbi və iqtisadi resursları müqabilində kifayət qədər simvolik xarakter daşıyacaq. İrəvanın uduzduğu iki müharibə də (söhbət 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə aparılan antiterror tədbirlərindən gedir – red.) göstərdi ki, Azərbaycan və Ermənistanın gücündə böyük disproporsiya var. Fərq o qədər böyükdür ki, Ermənistan ordusunun güclənməsi Azərbaycana hər hansı təhdid yaratmayacaq. Düşünürəm ki, biz yalnız İrəvanın Qərb müttəfiqlərinin köməyi ilə itkilərini bərpa etmək və Rusiyanın Ermənistanın müdafiə və təhlükəsizlik sistemində iştirakını azaltmaq cəhdindən danışa bilərik.
– Ermənistan parlamentinin spikeri Alen Simonyan apreldə Avropa İttifaqı ölkələrinin parlament rəhbərlərinin görüşündə erməni tərəfinin iştirakını açıqlayıb. Aydındır ki, bu, Avrointeqrasiya yolunda bir addımdır. Eyni zamanda, hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Mariya Karapetyanın da bəyanatı var. O qeyd edib ki, hazırkı məqamda Ermənistanda ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi müzakirə olunmur. Onun açıqlamasında açar söz “hazırkı məqamda” ifadəsidir. Sizcə, Ermənistan həqiqətən də Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəkmi? Çox söz danışılır, amma İrəvanın hərəkətlərində bu, nədənsə, müşahidə edilmir.
– İrəvan KTMT-ni elə indi tərk etmək istəyərdi, çünki o bu təşkilatı müttəfiq və özünə dəstək verən mexanizm kimi yox, digər ölkələrlə, xüsusən də Qərb ölkələri ilə müdafiə əməkdaşlığını məhdudlaşdıran yük kimi görür. Amma İrəvanın KTMT-dən çıxması Moskvanın iqtisadi və siyasi sanksiyalarına səbəb olacaq. Bu isə, Rusiyanın Ermənistanda çox ciddi iqtisadi və maliyyə mövcudluğunu nəzərə alsaq, Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox böyük problemlər yarada bilər. Bu, Ermənistan rəhbərliyinin kəskin addımlar atmaq istəyini məhdudlaşdırır. İrəvan iqtisadi əməkdaşlığı (Aİİ çərçivəsində – red.) sona qədər saxlamağa çalışacaq. Ola bilsin ki, elə bir situasiya yaratmaq cəhdi var ki, Ermənistan yox, Rusiya sanksiyalar tətbiq edib, (Ermənistanla münasibətlərdə – red.) özü bu məsələdə təşəbbüskara çevrilsin. İndi Moskva da, İrəvan da çalışır ki, ilk addımı məhz qarşı tərəf atsın. Xülasə olaraq qeyd etmək istərdim ki, iqtisadi əməkdaşlıq Ermənistan üçün çox vacibdir, lakin İrəvanda Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq o qədər də əhəmiyyətli hesab edilmir, çünki Rusiya Federasiyası son illərdə baş verən böhranlar zamanı Ermənistanı dəstəkləməkdə o qədər qətiyyətli olmadı. Amma məsələ ondadır ki, hər iki yol bir-biri ilə bağlıdır. Ermənilərin hərəkətlərini məhdudlaşdıran, əlini-qolunu bağlayan da budur.
– Ermənistanın Qərbə doğru istiqamətlənməsi Ermənistan-Azərbaycan nizamlanma prosesinə necə təsir edə bilər?
– Bu prosesin və ölkələr arasında gələcək münasibətlərin açarları əslində Bakının əlindədir. Düşünürəm ki, İrəvan zəif tərəf olduğunu anlayaraq lazımi müqavilələri imzalamaq və bütün problemləri həll etmək istəyir. Sual odur ki, Azərbaycanda nə qərar verəcəklər…
Nair Əliyev