• Be. Noy 25th, 2024

Aprel döyüşləri: Qarabağın azadlığına gedən yolda ilk qələbə – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 2, 2023


Əgər bir ölkənin torpaqları işğal altına düşərsə, onun təkcə ərazi bütövlüyü və suverenliyi pozulmaz, azadlıq və müstəqilliyi də daim təhlükədə olar.

Azərbaycan 30 illik erməni işğalı dövründə bu təhlükənin qarşısını böyük məharətlə alaraq, Ermənistana və havadarlarına qarşı mübarizə apardı, işğal edilən torpaqlarının təmizlənməsi istiqamətində mübarizəyə fasilə vermədi. Bu baxımdan, Azərbaycan Ordusunun 2016-cı ilin aprelində qazandığı qələbə böyük tarixi əhəmiyyətə malikdir, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının azadlığına gedən yolda dönüş nöqtəsidir.

Həmin ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Ordusu ilə Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi dəstələri arasında döyüş baş verib.

Tarixə “Dördgünlük döyüş” kimi düşən bu hadisə 2020-ci ilin Vətən müharibəsinədək, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra ən şiddətli qarşıdurma sayılır. Bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işğalçılardan təmizlədi. Onda ermənilər böyük itki vermişdi. Bu hadisələr zamanı da Rusiya Ermənistanın yardımına çatdı. Atəşkəslə bağlı aprelin 5-də tərəflər arasında razılaşma əldə olundu.

Bununla belə əldə edilən razılaşmadan sonra Ermənistan Azərbaycan Ordusunun Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutmaqla atəşkəsi pozmuşdu. Aprelin 7-də ermənilər Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşınını atəşə tutmuşdular.

Aprel döyüşləri zamanı əldə edilən uğur Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qələbə əzmini bir daha göstərdi.

Həmin döyüşlər Ermənistan silahlı qüvvələrində qalmaqala səbəb oldu. Ölkənin müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi. Çoxlu sayda yüksək rütbəli zabitlər barədə cinayət işi açıldı və s.

Aprel döyüşləri Ermənistanın siyasi rəhbərliyinin nüfuzuna zərbə vurdu. O vaxtkı prezident Serj Sarqsyan 2 il sonra etiraz aksiyaları dalğasında istefa verməyə məcbur oldu.

2016-cı ilin Aprel döyüşləri Ermənistan silahlı qüvvələrinin yemək, geyim, yataq ləvazimatı, ilkin tibbi yardım çantaları və başqa tələbat malları ilə zəif təchiz olunduğunu, döyüş qabiliyyətinin zəifliyini, orduda hərc-mərcliyin hökm sürdüyünü üzə çıxardı. Bu döyüşlər işğalçı ordu və dövlət haqqında mifi dağıtdı. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və hərbi texniki qüdrətini nümayiş etdirməsinə şərait yaratdı. Bu hadisələr 4 il sonra başlayacaq və Ermənistanın kapitulyasiyası ilə nəticələnəcək Vətən müharibəsi üçün əsas məşq kimi də dəyərləndirilə bilər. Bu döyüşlər 44 günlük müharibədə zəfərə zəmin hazırladı.

Aprel döyüşləri Azərbaycan Ordusunun başqa istiqamətlərdə də əməliyyat keçirməsinə təkan verdi. Bu baxımdan, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun 2018-ci ilin mayında 11 min hektar ərazini düşmən tapdağından azad etməsini xüsusi vurğulamaq lazımdır. Həmin torpaqlar 1990-cı illərin əvvəllərində işğal olunmuşdu.

Prezident İlham Əliyev həmin əməliyyatı belə dəyərləndirmişdi:

“Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin tədbirdə Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş olundu. Paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi:

“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Aprel döyüşlərində əldə edilən uğur İkinci Qarabağ müharibəsində zirvəyə çatdı.

Ali Baş Komandan İlham Əliyev ölkə vətəndaşlarına verdiyi sözə əməl etdi. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradında nümayiş etdirildi.

Aprel döyüşləri Azərbaycanın hərb tarixinin öyrənilməsi konteksində hələ çox araşdırılacaq. Onun sonrakı döyüşlərə təsiri öyrəniləcək. Azərbaycan cəmiyyətinin özünəinamının artmasında, birliyinin güclənməsində həmin hadisənin danılmaz rolu olub. Odur ki, Aprel döyüşlərini qazanılmış qələbələrin və qazanılacaq böyük qələbələrin ilki də adlandırmaq olar.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir