Ermənistanla Azərbaycan arasında gələcəkdə mümkün sülh sazişindən narazı olan Ermənistan müxalifəti son günlər ciddi etiraz aksiyaları keçirir. Təbii ki, onları genişmiqyaslı adlandırmaq çətin olsa da, mayın 2-nə olan məlumata görə, saxlanılanların sayı artıq üç yüzə yaxınlaşıb.
İctimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində Ermənistanda sözügedən etirazların başlanmasını müxalifətin Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olmaq üçün son cəhdlərindən biri adlandırıb:
– Hər şey ona doğru gedir ki, müqavilənin imzalanması baş tutacaq, sərhədlərin həm delimitasiyası, həm də demarkasiyası olacaq. Müxalifət, çox təəssüf ki, bunun qarşısını almaq üçün hər şeyi etməyə çalışır. İnsanları müvafiq olaraq kökləyirlər. İndi də 2020-ci ilin payızında müharibədə ölən hərbçilərin valideynləri etiraza çıxırlar. Bu, bəlkə də, hazırda Ermənistanda sabitliyi pozmaq və hakimiyyətə qayıtmaq üçün müxalifətin son şansıdır.
– Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaxın vaxtlarda görüşün baş tuta biləcəyi ilə bağlı xəbərlər var. Hadisələr sürətlə inkişaf edir, may ayında Azərbaycanla Ermənistan arasında hansısa sazişlərin imzalanması mümkündürmü?
– Bu mümkündür və ola bilsin ki, Ermənistandakı etiraz dalğası məhz bununla bağlıdır. Sülh müqaviləsi nə qədər tez imzalansa, bu, hər iki tərəf üçün bir o qədər yaxşı olar.
Bundan əvvəl Nikol Paşinyan qətiyyətsizlik nümayiş etdirdi, ictimaiyyətlə, o cümlədən Qarabağ erməniləri ilə az söhbət elədi. Bu onun yanlış hesablamasıdır. O, Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə inteqrasiyanın zəruriliyinə əvvəldən inandırmalı idi.
– İrəvandan gələn görüntülərə görə, xüsusən mayın 1-də etirazçılar kifayət qədər çox olub. Bəs Ermənistan cəmiyyətində müxalifətə dəstək nə dərəcədə güclüdür?
– Bunu demək mənim üçün çətindir, çünki Ermənistanda deyiləm. Amma aydındır ki, müxalifət insanları “Qarabağın təslim olmasının qarşısını almaq” və s. şüarlar altında qaldırmaq üçün hər şeyi edir.
Ancaq qonşularla – Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq daha yaxşıdır, Ermənistan əhalisinin əksəriyyəti də bunu başa düşür. Həm Qərbdən, həm də Şərqdən təsir olmasaydı, iki xalq çoxdan razılaşardı.
Nair Əliyev