“Nikol Paşinyanın son açıqlamaları bir daha sübut edir ki, Ermənistanın siyasi rəhbərliyi üçün verdiyi sözdən, imzaladığı sənəddən qısa bir zaman içərisində imtina etmək adi haldır və rəsmi İrəvanla hər hansı bir məsələdə etimadlı münasibətlər qurmaq mümkün deyil”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. O qeyd edib ki, 44 günlük müharibə Ermənistanın təcavüzü ilə yanaşı, rəsmi İrəvan da daxil olmaqla, 30 ilə yaxın zaman kəsiyində heç bir dövlətin tanımadığı qondarma rejimin mövcudluğuna da son qoyub:
“Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və olması da mümkün deyil. Nikol Paşinyanın 44 günlük müharibəyə səbəb olan təcavüzkar yanaşmaları yenidən müharibədən öncəki vəziyyətə qaytarmaq niyyəti isə Ermənistan üçün daha ağır kapitulyasiya şərtləri ilə nəticələnə bilər.
Şübhəsiz ki, Paşinyanın son və əvvəlki bəyanatlarını təkzib edən iddilarında yer alan məqamlar, rəsmi İrəvanın öz iradəsindən daha çox, bölgədə sülhün-əminamanlığın təmin olunmasında maraqlı olmayan xarici dairələrin təhrikçi davranışlarından qaynaqlanan yanaşmadır. Bu da Ermənistan dövlətçiliyinin şərti xarakter daşıdığını, bu ölkənin siyasi rəhbərliyinin müstəqil siyasi iradəyə sahib olmadığını bir daha təsdiqləyir. Şübhəsiz ki, bu kimi bəyanatların nəticəsi Ermənistan ilə aparılan sülh danışıqlarının əhəmiyyətsiz olduğu təəssüratını yaradır və Ermənistanın daha ağır şərtlərdən ibarət kapitulyasiya aktını imzalamağa məcbur edilməsiylə nəticələnə bilər”.
Qeyd edək ki, bu gün ermənilər Qarabağdakı qondarma rejimin ildönümünü qeyd edirlər. Bununla əlaqədar Paşinyan çıxış edərək bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır.
Aysel Aslan