• Be. Noy 25th, 2024

Azərbaycan-Avropa İttifaqı: Qərb “qaza” basır, köhnə ideya aktuallıq qazanır – TƏHLİL

ByYenigun.news

İyl 19, 2022

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıya səfər edərək, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdü.

Müzakirələrin nəticəsi olaraq Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

Bu sənəd Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Avropaya ötürdüyü qazın qarşısına tıxac vuracağı qorxularına Qərbin verdiyi strateji reaksiyadır.

Avropa İttifaqının narahatlıq üçün əsasları var, çünki Rusiya hər nə qədər qaz amilindən Qərbə qarşı silah kimi istifadə etmədiyini desə də, son həftələrdə Avropaya nəql edilən qazın həcmi başqa şey deyir.

Bir neçə həftənin statistikasına əsasən, Rusiya Avropaya ixrac etdiyi qazın həcmini 60 faiz azaldıb.

Yarıdan çox azalma başqa narahatlıqlar da doğurur, məsələn, gələcəkdə Moskvanın qaz tədarükünü tamamilə dayandıra biləcəyi riski siyasi-iqtisadi üfüqlərdən çəkilməyib.

Ona görə də Qərb mümkün qaz şantajları fonunda alternativ tədarüklər toplamaq üçün Bakı ilə anlaşdı, bu, Azərbaycanın da önəmini və qazanacağı dividendləri artıracaq.

Sənəd Avropa bazarlarında Rusiya qazına alternativləri Azərbaycanın hesabına formalaşdırmağı hədəfləyir.

Həmin hədəflər Azərbaycanla Avropa İtifaqını bir-birinə doğru xeyli yaxınlaşdıracaq və perspektivdə münasibətlərin hərtərəfli parametrlər üzrə inkişafında yeni səhifələr açılacaq.

Qaz təchizatı ilə bağlı anlaşma geosiyasi və geoiqtisadi maraqlar uğrundakı rəqabəti də qızışdıracaq, ona görə də yeni sənədin icrasında ortaya çıxa biləcək problemlərin minimallaşdırılması üzrə praqmatik təkliflər üzərində işlər gedir.

Əldə olunan razılaşmaya əsasən, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi 2027-ci ilə qədər 20 milyard kubmetrə çatacaq. Bunun ilkin mərhələsinə 2023-cü ildən start veriləcək.

Qərb üçün Azərbaycan qazı cazibəlidir, söhbət heç də ondan getmir ki, Azərbaycanın enerji ehtiyatları Avropa bazarlarında Rusiya qazını tamamilə sıxışdırıb kənara itələyə bilər.

Məsələ burasındadır ki, Azərbaycanın yerləşdiyi coğrafiya Avropa üçün tranzit qaz imkanları üçün də potensial həlledici mənbədir. Cuşa gələn Avropa prosesi heç də gecikdirmədən gələn il üçün Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazının həcmini 8 milyard kubmebtrdən (2021-ci ilin statistikası) 12 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Sonrakı illər üçün isə enerji nəqlinin şaxələndirilməsi üçün əlavə ölkələrin potensialına da müraciət edilə bilər və burada ən cazibədar ölkə Türkmənistandır.

Burada ortaya Qərblə yanaşı, Türkiyə faktoru da önə çıxır. Ona görə ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP Türkiyə ərazisindən keçir və TAP layihəsinə keçid zəncirinin həlqəsidir. Yəni Avropa İttifaqı Türkiyənin də maraqlarını qulaqardına vurmamalıdır və Ankaranın formullarına önəm verməlidir.

Ankara isə Türkmənistandan Azərbaycan vasitəsilə Türkiyəyə tranzit imkanlarını araşdırır.

Bu, “Transxəzər” layihəsi kimi köhnə ideyanın reallaşma imkanlarının gündəmdəki çəkisini ağırlaşdırır. Hazırda Mərkəzi Asiyanın zəngin enerji resursları olan Türkmənistanı öz tərəflərinə çəkmək cəhdlərinin arxasında da həmin amil dayanır.  

Enerji sektorundakı real dünya ilə arzulanan xəritə arasındakı fərqlər geosiyasi rəqabəti körükləyir. Bu tendensiya Rusiyanın Türkmənistan qazını öz mənfəətinə doğru çəkmək cəhdləri ilə müşahidə olunacaq.

Rusiya ən azından Türkmənistan qazının çoxunu TAPI layihəsinə (Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan) yönəltməyə çalışacaq və bununla da əks qütbə ötürülə biləcək qazın həcmini azaldan fəaliyyətlərə imza atacaq.

Yəni mövcud geosiyasi şərait Rusiyanı “Transxəzər” ekvivalentində rəqib bir layihəyə dəstək verməyə sövq edir. Düzü, Türkmənistanın öz qazını necə bölüşdürəcəyi də dəqiq bilinmir, hazırda isə TAPI “Transxəzər”dən daha real layihə statusundadır.

Türkmənistan amilini çıxsaq, Qərb TAP boru kəmərinin ötürücülük qabiliyyətinin real, əldə olan mənbələr hesabına artırılması üçün texniki cəhətdən üç il lazım olduğunu düşünür.

Azərbaycan öz qazı hesabına üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmək potensialına sahibdir, yəqin ki, yaxın gələcəkdə Xəzər dənizində yeni enerji yataqları kəşf edilə və istifadəyə verilə bilər.

Azərbaycanla Qərbin bir parçası olan Avropa İttifaqı arasında imzalanan sənəd siyasi-təhlükəsizlik baxımından da Bakı üçün sığortaedici qoruyucu rolunu oynayır.

Həmçinin Azərbaycanın Avro-Atlantika məkanına inteqrasiyası üçün yeni stimullaşdırıcı istiqamətlər yaradacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir