Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan Berlində sülh müqaviləsi layihəsini müzakirə etdilər.
Almaniyanın xarici işlər naziri Annalena Berbok görüşün vasitəçisi kimi Bayramovla Mirzoyanın müzakirələrini həm rəsmi, həm də qeyri-formal atmosferdə təşkil etdi.
Dövlətlərarası dərin münaqişələrin mərhələli həllini ehtiva edən üsullardan biri də tərəfləri işgüzar mühitdən uzaq tutub, onların səmimi təmaslarına şərait yaratmaqdır.
Almaniya diplomatiyası belə bir mənzərəni Bayramov-Mirzoyan danışıqlarının gedişində canlandırdı. Hər halda, Azərbaycan və Ermənistan baş diplomatlarının Berbokun müşayiəti ilə villanın həyətində gəzintisi Berlinin “səmimi ortam” qura bilmək cəhdlərini qeyd edir.
İkigünlük görüşlərdən dərhal sonra Almaniyanın etibarlı broker ola biləcəyi qənaətini hasil etmək bir qədər tələsik fikir kimi nəzərə çarpa bilər.
Ancaq bu, indi üçün o qədər də əhəmiyyətli görünüşə malik deyil. Cari situasiyada Almaniyanın Bakı-İrəvan arasındakı təmaslarda nəyi hədəflədiyini və Berlinə səhnə arxasından hansı çubuqların işarə verdiyini izah etməyə ehtiyac yaranır.
Almaniyanın vasitəçiliyinə uzunmüddətli perspektivdən baxsaq, rahatlıqla deyə bilərik:
– Berlin Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində həlledici rol almağa meyillənir,
– Bununla Cənubi Qafqaz doktrinasını format edilən beynəlxalq nizama uyğunlaşdırmaq siyasətini nümayiş etdirir.
Ona görə Almaniya Azərbaycan-Ermənistan əlaqələrinin inşa edilməsindəki missiyasını geosiyasi qütblərdə qarşılıqlı inamsızlıqları aradan qaldırmaq missiyası ilə yüklənib.
Almaniya üçün təyin edilmiş vəzifənin miqyasını üç bənd ilə belə təsvir etmək olar:
1. Ukraynadakı müharibə səbəbilə Rusiya ilə NATO arasında sıxışan Almaniya təhlükəsizlik narahatlıqlarını böyük ölçüdə aradan qaldırmağı arzulayır;
2. Almaniya strateji uyğunlaşdırmalarının istiqamətlərini NATO ilə Rusiya arasında kəskinləşən münasibətlərin fazasından dartıb çıxararaq geosiyasi genişlənməsini Cənubi Qafqaza daşıyır;
3. Almaniya iqtisadi zehniyyətini ümumi genişlənmə dünyagörüşünün mərkəzində tutaraq region dövlətləri ilə əlaqələrini dərinləşdirməyi qarşıya məqsəd qoyur.
Bayramovla Mirzoyanın görüşünün keçirildiyi eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi göstərdiyimiz istiqamət üzrə bir çox mətləbi aça bilər.
Əliyev Almaniyanın aparıcı şirkət rəhbərləri ilə görüşündə Fransanın, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin regionda məxfi geosiyasi məqsədlər güdən orbitdə olduqlarını bəyan etdi.
Berlində nazirlərin görüşü, Bakıda Əliyevin bəyanatları – bu, Almaniyanı Avropa İttifaqının təməl daşı kimi gizli gündəliklərə qarşı hərəkət trayektoriyasına salmağa yardımçı olmalıdır.
Bu, Əliyevin Almaniyanın danışıqlardakı moderatorluq səylərinə hansı şərtlə razılıq verdiyinin əlamətlərini göstərir.
Yəni:
– Almaniya geoiqtisadi güc kimi özünün imkanlarını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə sərf etməlidir,
– Bu, avtomatik olaraq Avropa İttifaqının digər gücü Fransanın qaranlıq gündəliyini neytrallaşdırmalıdır,
– Almaniya görəcəyi işlərin müqabilində Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqların inkişafına sərmayə qoymalıdır.
Almaniyanın bu müstəvidə hansı şücaətlər göstərəcəyi zamana və qlobal proseslərdəki hadisələrə bağlı məsələdir və onun gələcəkdə Rusiya ilə münasibətlərinə də təsir imkanına malikdir.
Hərçənd ki, Almaniyanın regiondakı iştirakını Rusiyaya qarşı hədsiz böyüyəcək “Qərb məhsuldarlığı” kimi şərh etmək də olmaz. Çünki Almaniyanın, Fransadan fərqli olaraq, Ermənistanda nə hərbi baza yerləşdirmək, nə də regionu Rusiyanın geosiyasi niyyətindən uzaqlaşdırmaq üçün imkanları mövcuddur.
Məntiq etibarı ilə, Azərbaycan və Ermənistan danışıqlarının Brüssel formatı ABŞ və Fransa tərəfindən zədələndiyindən onun Berlin üsulu ilə əvəzlənməsi təbii proses idi. Amma bu prosesin Rusiya tərəfindən dərin niyyətlərdə qısqanclıqla qarşılanacağı indi üçün real səslənmir.
NƏTİCƏ
I
Almaniyanın Bakı-İrəvan proqramında yerini müəyyən etməsi onun hansı vektorlar vasitəsilə təsirlərini artırmaq məramını açır. Bu, Berlinin geoiqtisadi alətləri vasitəsilə diplomatiyadakı rolunu qüvvətləndirməyə xidmət edir.
II
Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində yeni sənədin və ya bəyanatın ərsəyə gəlməsinə çalışır. Çünki bu amil Ukraynadakı müharibədən dolayı narahat vəziyyətdə olan Almaniyaya bir qədər rahatlıq verə bilər.
III
Azərbaycan Berlin formatının gələcəkdə geosiyasi qütbləşməni dərinləşdirəcək, Ermənistanı silahlandıracaq çətir altında olmaması üçün Almaniyadan zəmanət tələb edir.
IV
Berlin üsulu ilə danışıqlar Bakının xeyrinə nəticə versə, Almaniya üzləşdiyi mürəkkəb dilemmalara yeni genişlənmə siyasəti ilə cavab tapa bilər.
Aqşin Kərimov