Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkə arasında “Hərbi-texniki əməkdaşlıq haqqında” saziş imzalandı.
Bu sazişlə iki ölkənin hərbi resursları qarşılıqlı cazibə yaradacaq. Həmin sənəd silah idxal-ixracı prosesini başlada və orduları bir-birinə inteqrasiya edə bilər.
Birgə hərbi təlimlərin keçirilməsindən tutmuş, hərbi təhsil sahəsinə qədər məsələlər stimullaşdırılacaq.
Özbəkistan ordusu nüfuzlu “Global Firepower”in indeksində 142 ölkə arasında 52-ci yerdə qərarlaşıb.
Özbəkistanın atəş gücü içərisində Azərbaycan üçün cəlbedici olan çay donanmasıdır.
Özbəkistanda dəniz donanması olmasa da, Daşkənd çay donanmasını inkişaf etdirib. Çayların hərbi təhlükəsizliyinin təmin edilməsində Özbəkistan nümunəsi Azərbaycanın marağına səbəb ola bilər.
Özbəkistan ordusunün gücü Mərkəzi Asiya regionu üzrə üstün dəyərləndirilir.
Mərkəzi Asiya uğrunda qlobal emosiyaların coşması Özbəkistanı yeni çağırışlar qarşısında qoyduğu üçün o, tərəfdaş ölkələrlə hərbi əlaqələrini genişlətmək istəyir.
Azərbaycanın ordu potensialı və arsenalındakı silahlar Özbəkistanın meylini çəkir və mümkündür ki, sazişin texniki parametrlərində silah tədarükü məsələsi də olsun (sazişin mətni açıqlanmayıb).
Azərbaycan öz ordu modelini Türkiyə Silahlı Qüvvələri formatına inteqrasiya edir və bu, Azərbaycana silah tədarükünün paralelində baş tutur.
Yəni Azərbaycan-Özbəkistan münasibətlərindəki “silah səsi” Türkiyənin də Mərkəzi Asiya regionundakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Proseslərin beynəlxalq münasibətlər sistemindəki təsir gücünə gəlincə, bunu Türk Dövlətləri Təşkilatının kollektiv maraqları əsasında nəzərdən keçirməliyik.
Türk Dövlətləri Təşkilatında Azərbaycan-Türkiyə-Qazaxıstanın hərbi təlimlər keçirməsi barədə razılıq əldə edilib, indi bu prosesə Özbəkistan da cəlb edilir.
TDT-nin digər üzvü Qırğızıstanla da hərbi əməkdaşlıq zərurətə çevrilir və bu, Özbəkistan-Qırğızıstan sərhədindəki insidentləri də aradan qaldıran formulu meydana çıxarar.
TDT-də ortaq hərbi təşkilat yaradılması istiqamətində aparılan işlər yalnız kollektiv müdafiə səyləri əsasında inkişaf etdirilir.
Bu, dəyişən dünya nizamına verilən operativ və çevik regional reaksiya yaradan alternativ platforma rolunu oynaya bilər.
Aqşin Kərimov