Azərbaycanda müasir çağırışlara cavab verən mətbuatın formalaşması və inkişafı birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Prezident İlham Əliyev də medianın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, eləcə də medianın potensialı və qlobal informasiya məkanında layiqli yer tutması üçün hərtərəfli dəstək göstərib.
Son illər görülən işlər çəçivəsində müşahidələrimizə əsasən deyə bilərik ki, digər sahələrdə olduğu kimi, media və media fəaliyyəti ilə məşğul olanlar da dövlətin diqqət və qayğısından kənarda qalmayıblar.
Azərbaycanda jurnalistlərin fəaliyyətinə ali səviyyədə dəyər verilir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev iki dəfə “Jurnalistlərin dostu” seçilib. Milli jurnalistikamızın mənsubları ilk dəfə 2010-cu ildə, sonra isə 2013-cü ildə İlham Əliyevi özlərinə dost seçiblər.
Dövlət başçısı da jurnalistləri özünün dostu adlandırıb.
Bu, bir daha Azərbaycanda dövlətin lideri ilə media nümayəndələri arasında sıx əlaqələrin və bağlılığın göstəricisidir. Məhz bu möhkəm dostluq sayəsində bəzi hallarda istər məmurlar, istərsə də digər şəxslər tərəfindən jurnalistlərin fəaliyyətinə mane olmağın qarşısı alınmış olur.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun gücü kimi Azərbaycan mediasının gücü də bütün dünyaya nümayiş olundu. Həmin müddətdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev istər ölkə daxilində, istərsə ölkə xaricində döyüş meydanında baş verən informasiyaların carçısına çevrilmişdi. Hər gün milyonlarla azərbaycanlı dövlət başçısının tvitlərini səbrsizliklə gözləyir, bütün dünya məhz onun paylaşımları vasitəsilə məlumatlanırdı. Ona görə də açıq şəkildə deyə bilərik ki, Azərbaycan döyüş meydanında təkbaşına vuruşduğu kimi, informasiya savaşında da təkbaşına vuruşurdu. Dövlət başçısının 44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələr verməsi ilə xalqımızın haqq səsinin dünyaya çadırılmasında nümunəvi fəaliyyəti göz önündə idi.
Əlbəttə, Azərbaycan mediasının Vətən müharibəsi dövründə fəaliyyəti və rolu danılmazdır. Media nümayəndələrinin fəaliyyəti nəticəsində Azərbaycana yönəlmiş informasiya təxribatlarının qarşısı alınırdı.
Həmçinin ölkəmizin informasiya məkanının qorunmasında, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakar jurnalistlərin fəaliyyəti göz önündədir. Təbii ki, bütün bunlar jurnalistlərimizin vətənpərvərliyindən irəli gəlir.
İstər müharibə dövründə, istərsə də müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyi və vandallığı haqda həqiqətləri dünyaya çatdırmasında jurnalistlərimizin xidmətləri danılmazdır. Bu zaman hətta itkilərimiz də oldu… Belə ki, işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan jurnalistləri göstərə bilərik. Belə ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı avtomobil ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olublar, daha dörd nəfər isə yaralanıb.
Son illər Azərbaycanda media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ötən il yanvarın 12-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsaəsn, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb və Agentliyin nizamnaməsi təsdiq edilib.
MEDİA Agentliyi tərəfindən dünyanın qabaqcıl media təşkilatlarının və xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün silsilə təlim və seminarların təşkil edilməsi də jurnalistlərin təkmilləşməsi üçün atılan mühüm addımlardan biridir. Misal olaraq deyə bilərik ki, təkcə 2021-ci il ərzində Agentlik tərəfindən həyata keçirilən təlimlərə, seminarlara və digər layihələrə 60-dan çox təlimçi və 350-dən çox media nümayəndəsi cəlb edilib.
Jurnalistlərin dövlət qurumları ilə qarşılıqlı kommunikasiyasının gücləndirilməsi, əməkdaşlığının optimallaşdırılması və informasiya mübadiləsinin daha effektiv təşkili məqsədilə dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar və təlimlər keçirilib.
Jurnalistlərin ixtisaslaşması və sahəvi jurnalistikanın inkişaf etdirilməsi məqsədilə MEDİA Agentliyi bir sıra dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edir. İki il ərzində XİN, MN, BMTM, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərsu” ASC, İqtisadi İslahatların Təhlili Mərkəzi, TƏBİB və digər qurumlarla birgə jurnalistlər üçün təlimlər təşkil olunub.
Bundan əlavə, jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsi məqsədilə normativ hüquqi bazanın yenilənməsi və “Media haqqında” Qanunun qəbul edilməsi də bu islahatların davamı kimi qiymətləndirilir.
Bütün bunlarla yanaşı, media sahəsindəki islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Fərmanı ilə jurnalistlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi də ölkəmizdə bu sahəyə dövlət tərəfindən ayrılan diqqət və qayğının bariz nümunəsidir.
“Report” İnformasiya Agentliyi