• C. Noy 22nd, 2024

“Azərbaycanın Brüssel görüşündən ümidləri özünü doğrultdu” – RƏY + FOTO

ByYenigun.news

Sen 1, 2022

“Azərbaycanın Brüssel görüşündən ümidləri özünü doğrultdu”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı məsələlərə daha obyektiv yanaşan, tərəflər arasındakı sülhyaratma prosesinin uğurla həyata keçirilməsini səmimi istəyən bir qurumdur:

“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də Şuşada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı “Azərbaycan tərəfi Avropa İttifaqının səylərinə hörmətlə yanaşır və inanır ki, qurumun səyləri möhkəm, dayanıqlı sülhə gətirib çıxara bilər” fikirləri bu tezisi təsdiqləyir. Yəni Brüssel görüşündən öncə ümidlərimiz bu istiqamətdə idi və bu da özünü doğrultdu”.

Q.Hüseynli bildirib ki, Avropa İttifaqı, həqiqətən də, sülhyaratma prosesinin start aldığını və onu məntiqli sonluğa çatdırmaq istəyində olduğunu göstərib:

“İki ölkə arasında sülh sazişinin hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması barədə razılığa gəlinib. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Moskvada işçi qruplarının da görüşü olub və görüş konstruktiv məcrada keçib. Üstəlik, işçi qrupunun növbəti iclasının noyabrda keçirilməsi nəzərdə tutulub. Görünür, bölgədə möhkəm və dayanıqlı sülhün yaradılması ilə bağlı koordinasiya edilmiş və tərəflərin qarşılıqlı siyasi iradəsinə uyğun olan prosesin həyata keçirilməsinə başlanılıb.

Sözügedən prosesdə birinci skripka rolunu Avropa İttifaqı oynamaqdadır. Şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdəki səylərini müsbət qiymətləndirmək lazımdır. Görünür, sülhyaratma prosesinin sonrakı mərhələlərinin həyata keçirilməsinə də ümidlər çoxalıb. Brüsseldə Azərbaycan Prezidentinin danışıqlar prosesini kifayət qədər inamlı və yüksək intellektual səviyyədə aparması və bu prosesin də Avropa İttifaqı tərəfindən təqdir edilməsi diqqəti çəkən məqamlardan biridir. Ermənistan isə bütün məsələlərin yerinə yetirilməsinə sanki itaətkarcasına razılıq verib”.

Politoloq Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsdiqini tapmış ərazi bütövlüyü məsələsini israrla sona qədər həyata keçirdiyinə inanır:

“Bunun Avropa İttifaqı tərəfindən də qəbul edildiyinin şahidi olduq. Görüşdə prosesi ağırlaşdıran, ona əlavə nüanslar gətirə biləcək iddialarla çıxış edən ATƏT-in Minsk qrupu və ərazilərimizdə yaşayan 15-16 min nəfərlik erməni icması məsələsi isə gündəmə gətirilməyib. Dünyanın heç bir yerində bu qədər azsaylı icmaya status verilməsi məsələsindən danışılmır. Erməni lobbisinin də gedən proseslərə müdaxilə edə bilməməsi onun normal məcrada aparılmasına şərait yaratdı.

Fikrimcə, görüşün nəticələrini uğurlu hesab etmək olar. Çünki pozitiv və konstruktiv münasibətlərə də start verilib. Noyabrda isə həm sərhədlərin delimitasiyası, demarkasiyası istiqamətində, həm də sülhyaratma prosesinin əsas sənədi sayılan böyük sülh müqaviləsinə dair hər iki tərəfdən işçi qrupunun yaradılmasında yeniliklərin şahidi ola bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir