İyunun 1-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktub məzmununa görə əsasən iki hissədən ibarətdir. Birinci hissədə ifadə olunan fikirlər daha çox siyasi məzmundadır. Bu hissə əsasən iki dövlət arasında siyasi, diplomatik və qarşılıqlı etimada əsaslanan münasibətlərə həsr olunub. ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30-cu illiyində belə məzmunlu məktubun olduqca böyük əhəmiyyəti vardır. Bu, heç də təsadüfi deyildir. Çünki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra rəsmi olaraq ABŞ tərəfindən tanınıb. ABŞ-da demokratlar və mühafizəkarların hakimiyyəti illərində iki ölkə arasında bütün müstəvilərdə münasibətlər hər zaman qarşılıqlı etimada əsaslanıb. Azərbaycan ABŞ-la birgə Əfqanıstanda və İraqda sülhməramlı qüvvələr çərçivəsində eyni missiyanı uğurla davam etdirib. ABŞ keçmişdə mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və vasitəçi kimi Azərbaycan-Ermənistan dövlət başçılarının ikitərəfli görüşlərini də təşkil etmişdir. Azərbaycan regional səviyyədə terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə ABŞ-ın mövqeyini dəstəkləmiş və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirmişdir. Hazırda Qafqazda Azərbaycan tərəfindən yaradılmış siyasi və geosiyasi reallıq ABŞ tərəfindən tam dəstəklənir. Sülh gündəliyinin məhz Azərbaycanın təqdim etdiyi şərtlər daxilində mümkünlüyü və perspektivli olması dəfələrlə ABŞ-ın ən yüksək rütbəli şəxsləri tərəfindən vurğulanıb.
ABŞ prezidentinin məktubunun əsasını təşkil edən ikinci əsas məzmun isə Azərbaycanın dünya siyasi arenası və enerji bazarında artan mövqeyi ilə birbaşa bağlıdır. Bu günlərdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi fonunda məktubun enerji ilə bağlı olan hissəsi daha çox diqqəti cəlb edir. ABŞ dövlət siyasətinin praqmatik olmasını nəzərə alsaq bu məqamın da təsadüfi olmadığını deyə bilərik. Hələ 1994-cü ildə Azərbaycan “Əsrin müqaviləsi”ni imzalayıb xarici neft və qaz şirkətlərini Azərbaycana investisiya etməyə dəvət edəndə ABŞ bu məsələnin gələcəkdə çox onilliklər üçün hesablandığını bilirdi. Məhz qeyd olunan tarixdən etibarən Azərbaycanın yeni neft strategiyası, daha doğrusu enerji diplomatiyası öz təşəkkülünü tapmış oldu. Bunun ardınca isə Azərbaycan təkcə bölgə üçün yox, region üçün əhəmiyyətli və divident gətirən bir çox enerji layihələrini uğurla icra etdi. 2021-ci ildə isə Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmentini icra etməklə Avropanın qaz tədarükçüsünə çevrildi. Artıq Azərbaycan Xəzərdə Türkmənistanla müştərək olaraq neft yatağını istismar edir. Azərbaycan bölgədə yerləşən qonşu dövlətlərə qarşılıqlı şəkildə enerji müstəvisində dövlət siyasətini uğurla icra edir. Bölgənin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycanın yeni enerji məntəqəsi olması faktı da reallaşır. Bu gün Ukrayna ətrafında baş verən hadisələr fonunda bir sıra Avropa ölkələri enerjiyə olan tələbatın məhz Azərbaycan hesabına mümkün olması faktını seçməsi ABŞ-ın bölgə üzrə həyata keçirdiyi xarici siyasət kursu ilə düz mütənasibdir. Bu da öz növbəsində Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və enerji diplomatiyası ilə birbaşa bağlıdır.
İkinci Qarabağ müharibəsində əldə edilmiş qələbədən sonra ənənəvi enerji mənbələrindən yeni enerji mənbələrinə transformasiya yeni dövr üçün Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin Qarabağda quraşdırılması təşviq edilir və bu işdə dünyanın qabaqcıl və mütərəqqi təcrübəsi öyrənilir. Bu, Azərbaycanın yeni enerji siyasəti kursunun əsas elementidir. Bununla bağlı olaraq bir sıra inkişaf etmiş dövlətin qabaqcıl şirkətləri Qarabağda müvafiq işləri həyata keçirir. Ümumilikdə isə Azərbaycan tərəfindən regionda yeni enerji mənbələrinin istifadəyə verilməsi və tətbiqi dünya enerji bazarının aparıcı aktorları tərəfindən ən çox izlənilən trendlərdən biridir.
Azərbaycan müasir dünyada enerji müstəvisində yaranan münasibətlərdə özünü etibarlı tərəfdaş və sadiq partnyor kimi təsdiqləyib. Azərbaycanın bölgə və regionun enerji təhlükəsizliyinə verdiyi töhfə, yeni enerji mənbələrinin istifadəyə verilməsi, kritik və böhran anında əldə edilmiş razılaşmaya sadiqlik Azərbaycanın enerji siyasətinin əsas xəttini təşkil edir. Avropanın enerji təminatı, azad və ədalətli enerji rəqabətinin aparılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, insan hüquqları və vətəndaş cəmiyyətinin təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və diversifikasiyası üzrə Azərbaycanın əldə etdiyi uğurlar ABŞ prezidenti tərəfindən məktubda vurğulanan əsas məqamlardandır. Həyata keçirilən bu siyasət Azərbaycan tərəfindən bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallığın uzun müddət sabit olmasına imkan yaradacaq. Bu reallıqlar çərçivəsində ABŞ-la Azərbaycan arasında münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir.
“Report” İnformasiya Agentliyi