• Ç. Noy 27th, 2024

Azərbaycanın Rus İcması Vitali Milonovun bəyanatlarına kəskin etirazını bildirdi

ByYenigun.news

Fev 4, 2023

Azərbaycanın Rus İcması fevralın 2-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Rusiya-Ermənistan təbliğat informasiya agentliyi olan RUSARMİNFO-ya müsahibəsində səsləndirdiyi fikirlərə kəskin etirazını bildirir.

Bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının bəyanatında deyilir.

Azərbaycanın Rus İcması nümayəndələrinin Laçın yolunda ekoloji fəalların dinc aksiyasında iştirakı ilə bağlı sualı cavablandıran Vitali Milonov Azərbaycanın etnik rus vətəndaşlarına qarşı bağışlanmaz təhqirlərə yol verib. Rus icmasının üzvlərini “subyektlər” adlandıran V.Milonov icmanın özünün mövcudluğunu şübhə altına almaq qərarına gəlib. Rusiya Federasiyası Dövlət Dumasının deputatı dinc mitinqin qadın iştirakçılarını nalayiq ifadələrlə təhqir etməklə ö səviyyəsini daha da alçaldıb.

“Bu qəbuledilməzdir! Üstəlik, belə bir ifadə səslənib ki, Azərbaycanın rus adları daşıyan etnik rus  vətəndaşları “pasportlarını atmalıdırlar”. Ona xatırlatmaq yerinə düşər ki, bu il 30 yaşı tamam olacaq rus icmasının üzvləri Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşlarıdır. Azərbaycanın onlarla etnik rus vətəndaşı 2020-ci ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak ediblər və ölkənin ərazi bütövlüyünü müdafiə ediblər.

Multikultural və çoxmillətli Azərbaycan dövlətinin vətəndaşları olan etnik ermənilərin yaşadığı Azərbaycanın Xankəndi şəhərinin guya “blokadada” olduğunu bəyan edən Vitali Milonov Ermənistanın maraqlarını müdafiə edir. Görünür, onun bunun üçün şəxsi motivləri var. Laçın yolundan hər gün Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin onlarla maşını, təcili tibbi yardım maşınları və humanitar yardım maşınları keçir. Yolun guya “blokada”da olması ilə bağlı məlumatlar sadəcə olaraq reallığa uyğun gəlmir.

Tarixlə bağlı biliklərini nümayiş etdirmək qərarına gələn rusiyalı siyasətçi vermaxtın kollaborasionistlərini və satqınlarını, vasitəçilərini xatırladır. Tarixi bilmək yaxşıdır. Lakin Milonova nasistlərin məşhur erməni vasitəçisi Qareqin Njdeni xatırlatmaq istərdik ki, o, Ermənistanda milli qəhrəman kimi qələmə verilir. Küçəyə, metrostansiyaya onun adı verilib, Ermənistanda onun şərəfinə üç abidə ucaldılıb. Rusiyalı siyasətçi nədənsə bu barədə susur.

Laçın yolunda ekoloji fəalların dinc aksiyasında iştirak edən rus icmasının və Azərbaycan Rus Gəncləri Assosiasiyasının nümayəndələri Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarının və talanının dayandırılması ilə bağlı haqlı tələbləri tam dəstəkləyirlər. Bu nə qədər tez baş verərsə, Ermənistanla Azərbaycan arasında davamlı və uzunmüddətli sülhün bərqərar olması prosesi bir o qədər tezləşəcək.

Azərbaycanın Rus İcması siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonovun bu cür bəyanatlarını kobud təxribat hesab edir. Həmçinin rus icması ümid edir ki, Dövlət Dumasının və “Vahid Rusiya” partiyasının rəhbərliyi lazımi nəticələr çıxaracaq və yaranmış vəziyyətin nizamlanması üçün tədbirlər görəcək”, – deyə bəyanatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir