• Be. Noy 25th, 2024

Bəşəriyyəti xilas edən azərbaycanlılar: “Çernobılda da, Qarabağda da təkrar əlil olanlar oldu” – MÜSAHİBƏ

ByYenigun.news

Apr 26, 2022

1986-cı il aprelin 26-da Çernobıl atom-elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixinin ən böyük texnogen fəlakəti hesab edilir. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Radiasiyanın yayılması təxminən on gün ərzində davam etmiş, sonrakı fəsadları isə illərlə sürmüşdü. Fəlakətin nəticələrinin aradan qaldırılmasında azərbaycanlılar da iştirak etmişdilər.

Oxu.Az-ın suallarını “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov cavablandırıb.

– Çernobıl atom-elektrik stansiyasında qəzanın nəticələrinin ləğv edilməsində iştirak edənlərdənsiz. Oraya həmin vaxt bu məqsədlə Azərbaycandan nə qədər adam gedib?

– 18 yaşımda həmin qəzanın ləğvində iştirak etmişəm. Mənimlə yanaşı, yeddi minə yaxın azərbaycanlı vardı orada. Təəssüf ki, onların çoxu vəfat edib. 

O vaxt baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min insan cəlb olunmuşdu. Həmin vaxt bəşəriyyət böyük bir fəlakətdən xilas oldu. Etiraf etmək lazımdır ki, bəşəriyyəti faciədən qurtaran insanların səhhətlərində ciddi problemlər yarandı, həyatlarında böyük bir iz qoydu. Xeyli sayda yeni doğulan körpə vəfat etdi, uşaqlar xəstəliklə, əlilliklə doğuldular. 

– Həmin qəzada nə qədər adam həlak olub?

– Çernobıldakı qəza nəticəsində yeddi min nəfər həlak olub, 25 min nəfər ömürlük əlil qalıb. Ukrayna və Belarusda 300 min sakin yaşayış yerlərini tərk edib. Çernobıl atom-elektrik stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan Azərbaycan vətəndaşlarının sayı 5500-dən çoxdur.

– Bəzi xarici mətbuat orqanlarında Ermənistandan 1200 nəfərin orada iştirak etdiyi qeyd edilib. Düzdürmü?

– Bu, səhv məlumatdır və dezinformasiyadır. Orada daha az Ermənistan vətəndaşı iştirak edib. Eyni zamanda, Çernobıl qəzasının yaratdığı fəsadların aradan qaldırılmasında iştirak edən ukraynalılar, rusiyalılar da yaxşı bilirlər ki, ermənilər Çernobıl şəhərində mürəkkəb və təhlükəli yerlərdə işləməkdən belə, hər zaman imtina edib və buna etirazlarını bildiriblər.

– 1990-cı ilə kimi Çernobıl qəzası zamanı insanların səhhətinə dəyən ziyan məxfi saxlanılırdı. Buna səbəb nə idi?

– Bəli. 1990-ci ilə kimi bu məsələ məxfiləşdirildi. Sonda insanlar haqq səslərini qaldırdılar və Çernobıl əllilərinə qismən imtiyazlar verildi. Sonrakı mərhələlərdə həmin şəxslərin müayinə və müalicəyə böyük ehtiyacları olduğundan yeni qərarlar verildi. 1992-ci ildə Çernobıl iştirakçılarının statusu və qanun layihəsi hazırlandı, amma qəbul edilmədi. 

Çernobıl atom-elektrik stansiyasında qəzanın nəticələrinin ləğv edilməsində iştirak edənlər bəşəriyyətin xilaskarlarıdır. Onların statusunun müəyyənləşməsində, sosial müdafiəsinin gücləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidməti olub. 1993-cü il dekabrın 6-da Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş şəxslərin statusu, sosial müdafiəsi haqqında qanunu qəbul etdi. Sonrakı illərdə də həmin kateqoriyaya mənsub olanların sosial müdafiəsi sahəsində xeyli işlər görülüb.

Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin sosialyönümlü qanunvericilik aktlarının reallaşmasında, Çernobıl əlillərinin sosial hüquqlarının qorunması istiqamətində önəmli addımların atılmasını təmin etdi. Onların maddi-məişət şəraitinin, sosial vəziyyətinin, maddi rifah halının yaxşılaşdırılması sahəsində başlanılan işlər ardıcıl olaraq davam etdirilir.

Hazırda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən 500 nəfərə yaxını birinci qrup əlilliyi olan şəxsə Prezidentin aylıq təqaüdü ödənilir. Ötən il 275 Çernobıl əlili yeni mənzillərlə təmin olunub. Çernobıl əlilləri yeni mənzillərlə təmin olunurlar. 

– Çernobıl qəzasının ləğvində iştirak edən, ancaq əlillik dərəcəsi ilə təmin edilməyənlər varmı?

– Həmin şəxslər bir faiz də təşkil etmirlər. Əksəriyyəti əlillik dərəcəsi ilə təmin olunub. 

– 44 günlük Vətən müharibəsində Çernobıl əlillərinin övladları da var idi…

– Bəli, Çernobıl əlilləri Birinci Qarabağ müharibəsi zamanı, övladları isə Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə də ön sırada olublar. Şəhid olanlar, təkrar əlillik statusu qazananlar var. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən iki min nəfərdən çoxu Birinci Qarabağ müharibəsində iştirak edib, Vətən müharibəsində isə 100-dən artıq çernobılçının övladı döyüşüb.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir