• Be. Noy 25th, 2024

Bakı Ali Neft Məktəbində Məzun Günü keçirilib – FOTO

ByYenigun.news

İyl 19, 2022

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti Məzun Günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor qeyd edib ki, yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, burada peşəkar kadr kimi yetişmiş tələbələrin məzun olmaları sevindirici haldır:

“Bakı Ali Neft Məktəbi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının bariz nümunəsidir. Fəaliyyətə başladığı gündən Ali Məktəbimiz yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirir. Bizim tələbə və məzunlarımız yüksək intellekt, bilik və bacarıqlara malik gənclərdir. Artıq bakalavr səviyyəsi üzrə altıncı, magistr səviyyəsi üzrə dördüncü məzun buraxılışını həyata keçiririk. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Təhsil aldıqları müddətdə uğurlar qazanaraq, peşəkar ingilisdilli kadrlar kimi yetişən daha bir qrupumuz – bakalavr və magistratura üzrə ümumilikdə 168 tələbə – təhsil dövrünü tamamlayaraq karyera və növbəti təhsil addımlarının təməlini qoyur. Əminəm ki, BANM-in builki məzunları da əvvəlki məzunların uğurlarını davam etdirəcək, Azərbaycanın intellektual əsgərləri olaraq ölkəmizi və Ali Məktəbimizi layiqincə təmsil edəcəklər”.
Rektor əlavə edib ki, artıq bu ilki məzunlar növbəti təhsil pilləsi və karyera sahəsində ilk uğurlarını qazanıblar:

“Ali Məktəbin builki məzunlarından 31 nəfəri SOCAR-ın səkkiz müəssisəsində işə qəbul olub. Ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlərdə işə qəbul olan tələbələrin sayı 20-yə yaxındır. Məzunlarımızın diplom almadan işə qəbul olunmaları, nüfuzlu ali təhsil müəssisələrinə təqaüd qazanmaları Azərbaycan dövlətinin qayğısının, SOCAR-ın yaratdığı şəraitin və Ali Məktəbimizin fədakar professor-müəllim heyətinin əməyinin, tələbələrimizin zəhmətinin göstəricisidir. MBA proqramında təhsil alan tələbələrimizin 90%-i çalışır. Məzunlarımızdan təxminən 40 nəfəri təqaüd qazanaraq dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alacaq. Bu məzunların beş nəfəri ABŞ universitetlərinə tam təqaüdlə doktorantura pilləsinə qəbul olub, 10 nəfəri Almaniya universitetlərində təhsillərini davam etdirəcək. Almaniya universitetlərinə qəbul olan tələbələrimizin 7-si DAAD proqramının təqaüdünü qazanmış tələbələrdir”.
Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, tələbələrin BANM-də  peşəkar kadrlar kimi yetişdiyini və burada aldıqları bilik və bacarıqların həyatlarının növbəti mərhələsində böyük rol oynayacağını bildirib.
Məzunları təbrik edərək onlara uğurlar  arzulayan təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi qısa müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq ilk gündən uğurlar əldə edib, böyük nüfuz qazanıb. Nazir müavini BANM-in Fərqlənmə diplomu ilə bitirən  məzunların sayına görə də yüksək göstərici əldə edərək ölkə ali təhsil müəssisələri arasında seçildiyini qeyd edib.  
Sonra Bakalavr məzunları adından Kimya mühəndisliyi ixtisasının məzunu Güllü Hüseynli, Magistratura məzunları adından MBA məzunu, Ali Məktəbin Karyera və Tələbələrlə İş şöbəsinin müdiri Emil Aslanlı, əcnəbi tələbələr adından Kimya mühəndisliyi üzrə magistratura məzunu, perulu tələbə Belka Asevedo Lozano çıxış edərək BANM-in məzunu olmaqdan böyük qürur hissi keçirdiklərini vurğulayıb və onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan Ali Məktəbin rəhbərliyinə, fədakar müəllimlərə təşəkkürlərini bildiriblər.
Məzun Günü diplomların təqdim olunması mərasimi ilə davam etdirilib. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları məhz Məzun Günündə təqdim etmək ənənəsinə bu il də sadiq qalır.
BANM-in Kimya mühəndisliyi ixtisası üzrə məzunu Jalə Məmmədova, Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Kənan Məmmədov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Eyvaz Nəcəfli öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Taleh Həsənzadə birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Plaketlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və BANM-in rektoru Elmar Qasımov tərəfindən təqdim edilib.
Daha sonra 2022-ci il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi olan Kimya mühəndisliyi ixtisasının tələbəsi Jalə Məmmədova adını rəmzi kötüyə həkk edib.
Tədbir əməkdar artist, tarzən Şəhriyar İmanov və ansamblının, həmçinin “Merry Band” qrupunun ifasında konsert proqramı ilə davam edib.
Məzun Gününün sonunda mantiya geyinmiş məzunların ənənəvi papaqatma mərasimi keçirilib.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbindən 107 bakalavr, 61 magistr məzun olur. Bakalavr səviyyəsi üzrə Neft-qaz mühəndisliyini 33, Kimya mühəndisliyini 42, Proseslərin avtomatlaşdırılması mühəndisliyini 32 nəfər, magistr səviyyəsi üzrə mühəndislik ixtisaslarını 13, MBA proqramını isə 48 tələbə bitirib.
Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 12 nəfərdir.
2021-2022-ci tədris ilində BANM-dən ümumilikdə 7 xarici ölkə vətəndaşı məzun olur. Onlar Kanada, Peru,  Nigeriya, Ruanda, Rusiya, Özbəkistan və Gürcüstan vətəndaşlarıdır. Bu tələbələrdən biri Azərbaycan Hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayırdığı qrant çərçivəsində (Peru), biri BANM-in ayırdığı təqaüd əsasında (Ruanda), biri (Çiçək Bayramova) SOCAR, digərləri isə öz hesablarına maliyyələşməklə təhsil almış xarici vətəndaşlardır.
Onlardan bir nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə, bir nəfər isə Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsinin, üç nəfər MBA, bir nəfər Kimya mühəndisliyi və bir nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə magistratura səviyyəsinin məzunlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir