Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması münasibətilə Bakı metropolitenində “Xalqa həsr olunmuş ömür” adlı tematik konfrans keçirilib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov aprel ayının 28-də ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın da anadan olmasının 100 ili tamam olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində ulu öndərin və Zərifə Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən bəhs edərək, onun istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkə quruculuğundakı fəaliyyətindən danışıb.
Konfransın əsas məruzəçisi, Heydər Əliyev irsinin tədqiqatçısı, Xalq yazıçısı, Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova tarixin müxtəlif dövrlərində məhz Heydər Əliyevin titanik səyləri nəticəsində xalqın tarixində iz buraxmış hadisələrdən söhbət açıb.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Azərbaycanda həmkarlar hərəkatının inkişafında Heydər Əliyev faktorundan danışıb. O, tarixin müxtəlif dövrlərində ölkədə vətəndaş cəmiyyətinin inkişafı naminə ulu öndərin verdiyi töhfələrdən bəhs edərkən postsovet məkanında həmkarlar hərəkatı barədə ilk qanunun məhz Azərbaycanda qəbul edildiyini və daha sonra onun ölkəmizin inkişafına müsbət təsirlərini xüsusi vurğulayıb.
Sonra ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini, eləcə də onun Bakı metropoliteninin inkişafı ilə bağlı əvəzsiz töhfələrini əks etdirən qısa film nümayiş olunub. Rusiyanın “Metrovaqonmaş” vaqon istehsalı müəssisəsində 2019-cu ildə ulu öndər Heydər Əliyevin xatirəsinə 217 nömrəli sexin girişində açılmış lövhə və barelyefinin önündə keçirilmiş tədbirdən videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və müəssisənin baş direktoru Andrey Stepnov və təchizat üzrə direktor Yuri İlyuxin çıxış edərək, Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə – 1983-cü ilin dekabrında keçirilmiş xüsusi müşavirədə qəbul edilmiş qərara əsasən, sovet dövlətinin metro istismarı və tikintisi sənayesinə verdiyi xüsusi töhfələrdən söz açıblar. Bu xüsusda inşa edilmiş sex sayəsində “Metrovaqonmaş”ın istehsal gücü artırılıb və bunun nəticəsində bu müəssisə bu gün vaqon istehsalçıları sahəsində xüsusi çəkiyə və potensiala malikdir.
Tədbirdə Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədov, Azərbaycan Tunelçilər Birliyinin sədri Şaiq Əfəndiyevin videomüsahibəsi təqdim olunub.
Tağı Əhmədov “Metrovaqonmaş”ın inkişafında xüsusi xidmətlərinə görə SSRİ dağıldıqdan sonra Bakı metrosunun ən ağır dövrlərində xüsusi güzəştlərlə Bakı metropoliteninin vaqon təchizatının əsaslı şəkildə yeniləndiyini və bu xüsusda 166 vaqonun 2001-11-ci illərdə alınması sayəsində vaqon parkının əsaslı şəkildə yeniləndiyini qeyd edib.
Şaiq Əfəndiyev Bakı metrosunun “Nizami” kimi unikal stansiyasının inşasının rəssam Mikayıl Abdullayevlə ulu öndər Heydər Əliyevin birgə yaratdıqları sənət əsəri olduğunu əminliklə bildirib. O, 1980-ci illərdə SSRİ-nin rəhbər heyətində çalışan ümummilli liderin tapşırığı ilə metropolitenin “Elmlər Akademiyası”-“İnşaatçılar” sahəsində tunelin azotla dondurma üsulunun tətbiqi, “Nizami”-“Memar Əcəmi” və sonralar “Neftçilər”-“Xalqlar Dostluğu” sahələrinin tübinqlərlə, metal məhsullarla təminatında rolundan danışıb. 1990-cı ildə Heydər Əliyevin Bakıya qayıtdığı təyyarədəki görüşü, eləcə də Bakı metropoliteninin 35 illik yubileyi ərəfəsində keçirilən görüşündən danışan Şaiq Əfəndiyev ulu öndərin metropoliten qarşısında misilsiz xidmətlərindən söz açıb.
Könül Cəfərli