Azərbaycan paytaxtı ikinci gündür mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü və müzakirəyə çıxarılan məsələlər dünya mediasının, siyasi dairələrin diqqət mərkəzindədir. Fransada yaşanan son hadisələr, bu ölkənin uzun illərdir apardığı müstəmləkəçilik siyasətinə qarşı mübarizə də müzakirə olunan məsələlər sırasındadır.
İlk dəfə olaraq məhz Bakıda rəsmi Parisin müstəmləkə və irqi ayrı-seçkilik siyasəti sərt tənqidlərə tuş gəlib – Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub.
Tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yollarını, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Şübhəsiz ki, Bakı Təşəbbüs Qrupunun yaradılması beynəlxalq mediada və siyasi dairələrdə ciddi rezonans doğuracaq. Məhz Bakıda ilk dəfə Fransanın uzun illər cəzasız qalan mənfur kolonial siyasəti gündəm olub. Beləliklə də, Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.
Bakıda qəbul edilən bəyanat sözsüz ki, Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olacaq. Belə ki, Emmanuel Makron hökuməti ümid edirdi ki, Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin qətli, yürütdüyü irqi ayrı-seçkilik, kolonial siyasət cəzasız qalacaq. Lakin Bakı toplantısı, səslənən sərt bəyanatlar onun bütün arzularını puç edir.
Sözsüz ki, Fransa və onun ətrafında baş verənlər Makron hakimiyyətinin yarıtmaz xarici və daxili siyasətinin, müstəmləkəçi düşüncəsinin təzahürüdür. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Zorakılıq zorakılığı doğurdu və məlum hadisələrə də təkan verdi. Necə deyərlər, “külək əkənlər tarix boyu olduğu kimi, bu gün də fırtına biçirlər”.
Ən acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, hər vəchlə onu davam etdirməyə çalışır və törətdiklərinə görə üzr də istəmək fikrində deyil. Məsələn, Paris Şimali Afrika ölkələrində əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törədib. Bu ölkə təkcə Əlcəzairdə 130 il ərzində yüz minlərlə müsəlmanın qanını töküb, adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Ən acınacaqlısı isə budur ki, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Fransanın cinayətləri Əlcəzairlə kifayətlənməyib, Burkina-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. Özünü “demokratiyanın beşiyi” adlandıran Fransa çox iyrənc müstəmləkə keçmişi ilə seçilib. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransa kolonial siyasətindən bu gün də əl çəkə bilmir. Kolonial siyasəti “uğurla” davam etdirən Prezident Emmanuel Makron da digər ölkələrin daxili işlərinə qarışır, eyni xisləti ortaya qoyur. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairlə yanaşı, özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirib və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olub.
Fransa hakimiyyəti törətdiyi vəhşiliklərə görə keçmiş müstəmləkələrindən üzr istəmək çağırışlarına da məhəl qoymur. Halbuki, digər dövlətlər bunu edib. Məsələn, bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq. Həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.
Yeri gəlmişkən, Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Yeni Kaledoniyada görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən çəkmir. Fransa həmin xalqların öz dillərindən istifadəsinə də qadağa qoyub. Təhsil proqramlarının dili yalnız fransızcadır. Həmin xalqların tarixi, dili və mədəniyyətinin gələcək nəsillərə ötürülməməsinə çalışılır. Əhali və dövləti təmsil edənlər arasında tez-tez qarşıdurmalar yaranır. Təsadüfi deyil ki, istər tarixi, istərsə də bədii ədəbiyyatda Fransanın işğal olunmuş torpaqlarda müstəmləkəçilik siyasətinin ən çirkin tərəfləri təsvir olunur. Məsələn, məşhur fransız yazıçısı Prosper Merimenin “Tamanqo” hekayəsində məhz bu qəddar və qeyri-insani ticarət təsvir olunur. Bu bir reallıqdır ki, Fransa özünü Avropada, Asiyada, Afrikada onlarla, yüzlərlə xalqın məhrumiyyətləri hesabına öz xoşbəxtliyini bədbəxtlik üzərində quran dövlət kimi göstərib. Əminliklə söyləyə bilərik ki, Paris gec-tez bunun cəzasını alacaq. Necə ki, əlcəzairli gəncin öldürülməsi ölkədə böyük iğtişaşlara, dağıntılara səbəb oldu. İstisna da deyil ki, bu kimi hadisələr yaxın gələcəkdə Fransanın gündəmi olacaq.
“Report” İnformasiya Agentliyi