• Be. Noy 25th, 2024

Bakını qlobal ticarətdə əsas oyunçulardan birinə çevirəcək liman – Çabahar

ByYenigun.news

Avq 24, 2022

“Bu günlərdə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Ayuş Sarbananda Sonoval İranın Çabahar şəhərindəki Şahid Beheşti limanına səfər edərək, buranın nəqliyyat potensialını gücləndirmək məqsədi ilə altı mobil kranı limana təhvil verdi”.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin məqaləsində qeyd olunur. Həmin məqaləni təqdim edirik:

“Nazir səfər ərəfəsində həmçinin ölkəsinin xüsusilə Yaponiya, Cənubi Koreya və Mərkəzi Asiya ölkələri ilə ticarətindəki Çabaharın tranzit potensialını artırmaq istiqamətində tədbirlər gördüyünü açıqladı və limanı regional tranzit mərkəzinə çevirmək üçün səylərini davam etdirdiyini vurğuladı.

Digər tərəfdən, avqustun 22-də İran, Rusiya və Azərbaycan gömrük rəhbərləri arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb və tərəflər Hindistan da daxil olmaqla gömrük idarələri arasında tranzitin asanlaşdırılması üçün dördtərəfli anlaşma memorandumunun imzalanmasını təklif ediblər.

Çabahar limanı Hindistanın ilk xarici liman layihəsidir. Bu liman Avrasiyanı Hind okeanı regionu ilə birləşdirən Hindistanın Hind-Sakit okean strategiyasının əsas sütunu sayılır. Liman həmçinin Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Azərbaycan üzərindən keçən bu dəhliz Hindistanın, eləcə də Hind Okeanı regionu ölkələrinin Rusiya, Avropa və Mərkəzi Asiya ölkələri ilə ticarət perspektivində da önəmli yer tutur.

Hindistanın “India Ports Global Private Limited (IPGPL)” şirkəti Şəhid Beheşti Limanının əməliyyatlarını öz üzərinə götürdüyü vaxtdan etibarən Çabahardan 4,8 milyon tondan çox yük nəql edilib.

Son vaxtlar isə Rusiya-Ukrayna müharibəsi və Qərbin şimal qonşumuza qarşı sanksiyaları, digər tərəfdən isə Qara dəniz yolunun bağlanması diqqəti yenidən Şimal-Cənub nəqliyyat dəhlizinə və Çabahar limanına yönəldib. Bu da Azərbaycanın alternativ, sərfəli və təhlükəsiz tranzit marşrutu olaraq beynəlxalq ticarətdəki əhəmiyyətini daha da artırıb.

Rusiya ilə strateji əlaqələri olan Hindistan bu və regionun digər ölkələrinə çıxış üçün Çabahar limanından istifadə edir ki, bu da Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə konteyner daşımaları xərcini 20% azaldır. Hazırda Hindistanın bu ölkələrə illik mal ixracının dəyəri 4-4.5 milyard ABŞ dollarıdır ki, bunun da təxminən 2,85 milyard dolları təkcə Rusiyaya aiddir.

Hindistan Azərbaycanın da əsas ticarət ortaqlarından biridir. 2021-ci ildə Azərbaycanın Hindistana ixracı 1,19 milyard dollar dəyərində olub (8-ci yer). Hindistan eləcə də ölkəmizə 289 milyon ABŞ dolları dəyərində mal ixrac edərək 15-ci yerdə qərarlaşıb.

Çabahar limanının fəaliyyətinin artması, Hind Okeanı regionundakı digər ölkələrin MDB və Şimalı Avropa ölkələri ilə ticarətinin Şimal-Cənub dəhlizinə yönəlməsi nəticəsində Azərbaycanın beynəlxalq ticarətdəki mövqeyi daha da güclənəcək.

Azərbaycanın nəqliyyat infrastrukturu potensialını və strateji coğrafi mövqeyini nəzərə alaraq bu proseslər ölkəmizə ciddi şəkildə tranzit gəlirləri gətirməklə yanaşı, Azərbaycanın beynəlxalq arenadakı etibarını daha da artıracaq, Bakını qlobal ticarətdə əsas oyunçulardan birinə çevirəcək.

Siyasi yöndən baxdıqda isə Azərbaycanın geosiyasi mövqeyi və yeni tranzit-nəqliyyat xətləri, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin bu ölkədən keçməsi istər-istəməz ölkəmizin siyasi çəkisini də artıracaq və Bakının beynəlxalq sahədəki strateji təsir dairəsini genişləndirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir