“Azərbaycanda olmaqdan və dostum Prezident İlham Əliyevlə bir daha görüşməkdən böyük məmnunluq duyuram. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur. Əlaqələrimiz bu gün həmişəkindən daha yaxşı səviyyədədir. Bu əlaqələri daha da gücləndirməyə verdiyi zəruri töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
AZƏRTAC xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
Ötən il Azərbaycan Prezidentinin Albaniyaya ilk dəfə səfər etdiyini xatırladan Bayram Beqay deyib:
“Məmnunam ki, səfər öz təsirini dərhal göstərdi. Çox çəkmədən Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı analoji qərar qəbul etdi. Bu qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, artıq mükəmməl olan əlaqələri, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri təşviq edəcək”.