Birləşmiş Millətlər Təşkilatının (BMT) ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulmasının guya qanunsuz olduğuna dair və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətləri rədd edib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə sözügedən vəsatətlə bağlı 12 may 2023-cü il tarixində müraciət etmişdi.
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulub.