• Ca. Noy 28th, 2024

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Fransa və Aİ Parlamentinin qərəzini ortaya çıxardı” – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 7, 2023


“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçında Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini yekdilliklə rədd etməsi beynəlxalq hüququn təntənəsi olmaqla bərabər, ciddi siyasi nəticələr doğuran hüquq hadisəsidir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. Deputatın sözlərinə görə, oilk növbədə bu qərarla bir daha məhkəmə qəti olaraq mövqe ifadə etmiş oldu ki, sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılması Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren hüququdur:

“Beynəlxalq hüququn ən azı üç prinsipinə əsasən hər bir dövlət digər dövlətin suverenliyinə, yəni digər dövlətlərin heç bir müdaxiləsi olmadan öz ərazilərində hakimiyyətini həyata keçirmək hüququna hörmətlə yanaşmaq məcburiyyətindədir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinə əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Yəni istər dövlətdaxili, istər beynəlxalq hüquqla dövlət sərhədi dövlət suverenliyinin ərazi hüdududur.

Məhkəmə də, təbii ki, bu prinsipləri görməzdən gələ bilməzdi. Azərbaycan Xarici İşlər Nazirliyinin də yaydığı bəyanatda ifadə olunduğu kimi, “Biz Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarını alqışlayırıq”.

Bu qərar eyni zamanda mühüm bir siyasi reallığı – aylardır bu mövzuda anti-Azərbaycan kampaniyası aparan Fransa, Aİ Parlamenti və bir sıra digər beynəlxalq subyektlərin arqumentlərinin nə qədər çürük, özlərinin isə nə qədər qərəzli, beynəlxalq hüquqa hörmət etməyən subyektlər olduğunu meydana çıxardı”.

B.Məhərrəmov onu da əlavə edib ki, əslində İrəvan beynəlxalq məhkəmə instansiyalarındakı mümkün hüquqi imkanlardan sui-istifadə etməklə məğlubiyyətdən sonra düşdüyü çıxılmaz vəziyyətdə daxili auditoriyanın diqqətini yayındırır:

“Bu, bir daha aydın oldu. Ermənistan eyni zamanda manipulyasiyalarla Beynəlxalq Ədalət Məhkəməsini informasiya müharibəsində Azərbaycan əleyhinə alətə çevirmək istəyirdi. Təbii ki, bu kimi mübarizə üsulları ilə İrəvan indidən məğlubiyyətə məhkumdur və istənilən halda Azərbaycan özünün suveren hüquqlarını tam şəkildə realizə etməkdə və Ermənistanın 30 il boyunca davam etmiş işğal, təcavüz siyasətinin, müharibə cinayətlərinin nəticələrinə görə bu dövlətin məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir