• C. Noy 29th, 2024

Bir ildən sonra “Şuşa”: Bakı-Ankara ikilisi nələri edir, hansı sahələr inkişaf etdirilməlidir? – TƏHLİL

ByYenigun.news

İyn 13, 2022

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçəcək.

Şuşa Bəyannaməsi iki ölkə arasında tarixin süzgəcindən keçən və sınanmış hadisələrdən doğan hərbi-siyasi və təhlükəsizlik məsələlərinin müştərək strateji maraqlar yaradan məcmusudur.

Bir il ərzində Şuşa Bəyannaməsinin müddəalarının yerinə yetirilməsində nələrə nail olunub və hansı məsələlərin inkişaf etdirilməsinə ehtiyac var?

Sənədin nüvəsini təhlükəsizlik və hərbi-siyasi əməkdaşlığın dərinləşdirilməsi, təhdidlərə qarşı birgə mübarizə əzmi təşkil etdiyindən elə bu istiqamətlər üzrə daha çox inkişaf nəzərə çarpır.

Bir illik periodda Azərbaycanla Türkiyə strateji müttəfiqlik maraqlarını ən üst səviyyəyə qaldırmaq üçün bir-birlərinə həm açıq, həm də gizli dəstək göstərdilər.

Bakı-Ankara ikilisinin tezisləri regionda formalaşan sülh gündəliyinin mövzusunda ağırlıq təşkil edir və digər ölkələr də bunun əsasında öz maraqlarını uzlaşdırırlar.

Türkiyə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində öz təsirini genişləndirməkdən ötrü səylərə girişir, bunu 2022-ci ilin martın sonunda Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatdan görmək mümkündür.

Ərdoğan bəyan etmişdi ki, qanunsuz erməni silahlı dəstələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxmalıdır.

Hərçənd ki, Türkiyə 10 noyabr bəyanatının tərəfi deyil, amma onun Cənubi Qafqazın həyatında əhəmiyyətli iştirakı Ankaranın hərbi-siyasi ağırlığını həmin sənədin icrasında hiss etdirir.

Türkiyə təkcə Rusiya amili ilə bağlı məsələlərdə deyil, Qərbin təşəbbüsləri ilə gerçəkləşən görüşlərdə də özünün çəkisini artırır, bir sözlə, Azərbaycan-Türkiyə iradəsindən kənaraçıxmalara və təhrifedici motivlərə qarşı birgə addımlar atılır ki, regionda qlobal ambisiyalar neytrallaşsın və bu sülhə, təhlükəsizliyə töhfə verən amillə əvəzlənsin.

Şuşa Bəyannaməsi imzalanandan üç ay sonra Azərbaycanla İran arasında gərginlik yarandı və Tehrandan gələn hədə dolu mesajlara Bakıdan layiqli cavablar verildi, burada da Türkiyə öz strateji dayaq rolunu göstərdi.

Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi Əliyev-Ərdoğan görüşlərinin intensivliyini artırdı və liderlərin müzakirə masasında həmin mövzular qırmızı xətlə keçdi.  

Bir il ərzində:

1. Ərdoğan 2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi,

2. Elə həmin gün Əliyevlə Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoydular,

3. İlham Əliyev 2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak etdi,

4. Noyabrın 28-də Aşqabadda liderlərin görüşü keçirildi,

5. Türkiyə və Azərbaycan prezidentləri 2022-ci il mayın 14-də Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdilər,

5. Bundan düz iki həftə sonra, mayın 28-də liderlər “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Bakıda müzakirələr apardılar.

Şuşa Bəyannaməsindən sonra Azərbaycan Ordusunun Türkiyə modelinə sürətli keçidi mərhələsinə qədəm qoyuldu, komando hərbi birlikləri yaradıldı və ordunun strukturunda da Quru Qoşunları komandanı vəzifəsi təsis edildi.

İki ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər Rusiya-Ukrayna müharibəsi kontekstində də yeni dəyər qazanır və Bakı-Ankara tandemi məsələyə koordinasiyalı baxış ortaya qoyur.

Bu, Şuşa Bəyannaməsinin indi sitat verəcəyimiz bəndinin icrasıdır.

SİTAT:

“Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.

Rusiyanın postsovet ölkələrinin başı üzərində yaratdığı təhdid topasının Cənubi Qafqaz regionuna da yönləndirilməsi Azərbaycanla Türkiyənin strateji maraqları ilə uyğunluq təşkil etmir. Buna görə də Azərbaycan balanslı xarici siyasət xəttinə sadiqlik nümayiş etdirir, bunun paralelində isə risklərə qarşı arxayın davranış nümayiş etdirmək əvəzinə, özünün ordusunu bütün meyarlar üzrə Türkiyə vasitəsilə gücləndirir.

Bu proses davam edəcək, buna görə də Azərbaycan yeni reallıqlar kontekstində xarici təhdidlərdən qorunmağa yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını yaradır.

Amma Azərbaycanla Türkiyə arasında yeni çağırışlara uyğun olaraq hərbi-texniki əməkdaşlıq haqqında  sənəd imzalanmayıb, daha doğrusu, belə əməkdaşlıq yüksək səviyyədə olsa da, onun rəsmi şəklə salınmasına da ehtiyac var.

Şuşa Bəyannaməsinin iqtisadi tərəflərinə gəlincə, hədəflər uğrunda bəzi çağırışlarda daha çox işləmək lazımdır: Məsələn, 2021-ci ilin martında qüvvəyə minən Preferensial Ticarət Sazişinin icrası 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyur.

Mədəniyyət-təhsil sahəsində də bəzi inkişaf etdiriləsi məqamlar var, buraya Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirmək çağırışları mövcuddur.  

Humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində işlər görülməlidir.

Aqşin Kərimov  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir