“BMT missiyasının Qarabağ iqtisadi rayonuna gəlişi müsbət haldır. Azərbaycan lokal xarakterli antiterror tədbirlərinin keçirilməsindən dərhal sonra oradakı vəziyyət, reallıqlar barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün BMT-yə bölgəyə səfər etmək təklifini vermişdi. Bu da Azərbaycanın bölgədə fəaliyyətinin şəffaflığını göstərmək məqsədi daşıyır. Və düşünürəm ki, əslində, Azərbaycanın heç bir gizlədiləsi məsələsi olmadığından hər şeyin açıq-aşkar nümayiş edilməsi çox vacib məqamdır”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O qeyd edib ki, sosial şəbəkələrdə, müxtəlif internet resurslarında Ermənistanın uydurduğu dırnaqarası etnik təmizləmə ittihamlarına cavab olaraq Azərbaycan da bütün kadrları yaymışdı:
“Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin həmin əraziləri tərk etməsinin öz təşəbbüsləri ilə, yəni öz seçimlərinə uyğun olaraq həyata keçirildiyinin hamımız şahidi olduq. Bunu beynəlxalq təşkilatların nümayəndələrinin, mütəxəssislərin gəlib yerində görmələri, reallıqlarla tanış olmaları daha düzgün olacaqdı. Ona görə belə bir səfər haqqında təklif bildirildi. Ümid edirik ki, həmin səfərin nəticələri üzrə Birləşmiş Millətlər Təşkilatının nümayəndələri həqiqi, təhrif olunmamış qaydada məlumatları dünya ictimaiyyətinə təqdim edəcəklər.
Qeyd etmək lazımdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının da müvafiq məlumatı çıxıb. Həmin məlumatda da heç bir hədə-qorxunun, sui-istifadə hallarının və məcburi köçürmənin baş vermədiyi barədə məlumat verilib. Hər kəs görür ki, Azərbaycanın səlahiyyətli qurumları erməni sakinlərin hüquqlarının qorunması, əraziləri könüllü şəkildə, təhlükəsiz qaydada tərk etmələri üçün bütün şəraiti yaradıblar. Azərbaycanın bu siyasəti bir daha bütün dünyaya göstərdi ki, sülhsevər dövlət, sülhsevər xalq olaraq, biz hər zaman beynəlxalq hüquq prinsiplərini rəhbər tuturuq və beynəlxalq hüquqa uyğun olaraq hərəkət edirik. Bu, regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına Azərbaycanın mühüm bir töhfəsidir”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ötən gün Qarabağ iqtisadi rayonunda olublar və “Laçın” sərhəd-buraxılış məntəqəsinə baxıblar. Bildirilib ki, təşkilatın xüsusi missiyası təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək.
Aysel Aslan