• Bz. Noy 24th, 2024

“BMT “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır” – RƏY + FOTO

ByYenigun.news

Sen 4, 2023


“BMT özünü dünyada humanist bir təşkilat kimi qələmə verir. Ancaq reallıq ondan ibarətdir ki, “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır”.

Bunu “Report”a açıqlamasında politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə BMT-nin “Taxıl sazişi” ilə bağlı yeni təkliflər paketi hazırlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Taxıl sazişi” prinsipial əhəmiyyət kəsb edir. Təkcə Rusiya üçün yox, bir çox ölkələr, xüsusilə də taxıl qıtlığı ilə üzləşən Afrika və Yaxın Şərq ölkələri üçün önəmlidir:

“Çünki buğda qıtlığı Afrika ölkələrini humanitar böhran vəziyyətinə gətirib çıxarıb. Ona görə də hazırda ciddi danışıqlar gedir ki, Rusiya taxılı bu ölkələrə çatdırılsın. Müxtəlif təkliflər var. Türkiyə Qətər vasitəsilə Rusiyadan bir milyon ton taxıl alır. Bu taxıl Türkiyə müəssisələrində una çevrilir, daha sonra Afrika ölkələrinə çatdırılır”.

Ekspert Rusiya taxılının Afrika ölkələrinə çatdırılması yönündə ölkələrin mənfəətindən də söz açıb. Bildirib ki, burada, əsasən, Rusiyanın mənfəəti realdır, Qətər onun taxılını alır. İ.Vəlizadənin fikrincə, Türkiyənin mənfəəti müəssisələrində taxılın una çevrilməsi və gəmilərinin həmin unu Afrika ölkələrinə çatdırmasıdır, çünki Qətər taxılın una çevrilmə xərclərini qarşılayır.

“Qətərin buradakı qazancı isə humanitar addım atmaqla siyasi mövqelərinin Afrikada möhkəmləndirməsidir. Bəllidir ki, Afrika qitəsi uğrunda müxtəlif qütblər və regional qüvvələr arasında mübarizə gedir. Qətər isə həmin mübarizədə avantaj əldə edir, Afrika hökumətləri ilə əlaqələri sıxlaşdırır. Beləliklə, Afrikada Qətərin investisiyaları üçün münbit şərait yaranır. Ancaq Türkiyə bu humanitar aksiyanın həyata keçməsində əsas vasitəçi rolunu oynadığına görə onun üçün də müsbət siyasi nəticələr var”, – iqtisadçı əlavə edib.

İ.Vəlizadə söyləyib ki, “Taxıl sazişi”ni dəstəkləyən BMT bu məsələdə ən axırıncı rolu oynasa da, himayəsi altında bu sazişin həyata keçirilməsi ona da müəyyən qədər üstünlük qazandırır:

“BMT ilə Rusiya arasında taxılla bağlı münasibətlər tam fərqlidir. Türkiyə müəyyən dərəcədə Rusiya ilə BMT arasında mümkün sazişin reallaşması üçün öz töhfəsini verə bilər. Belə ki, Türkiyə gəmiləri Rusiya-BMT sazişi çərçivəsində Rusiyanın digər taxıl həcmlərini də dünya bazarına çatdıra bilər”.

Müsahib vurğulayıb ki, Türkiyə sözügedən məsələdə dünya ərzaq təchizatında yaranmış böhranın aradan qaldırılmasında müstəsna rol oynayan bir ölkə kimi çıxış edə bilər. Çünki Türkiyə həm də Ukrayna ilə danışıqlar içərisindədir:

“Türkiyənin xarici işlər naziri Ukraynada da olub, oradakı danışıqlar isə Ukrayna taxılının dünya bazarına çatdırılması ilə bağlı idi. Hazırda Türkiyə Ukrayna taxılının dünya bazarına çatdırılmasında təminatçı rolunu oynayır. Hər iki sazişin reallaşdırılması Türkiyəyə tədricən Rusiya-Ukrayna münasibətlərini tənzimləyə imkan verir. Bununla da, müəyyən dərəcədə Ukrayna taxılını xarici bazarlara çatdırılmasını sığortalamaq mümkün olar.

Xatırladaq ki, Türkiyənin fəal köməyi ilə BMT “Taxıl sazişi” ilə bağlı yeni təkliflər paketi hazırlayıb. Avqustun 31-də BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında bildirib ki, BMT-nin “Taxıl sazişi” ilə bağlı yeni təklifi təşəbbüsü bərpa etmək zərurətləri ilə bağlıdır və Sazişin davamlı olması üçün səylərini əsirgəməyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə eyni tarixdə türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada keçirilən görüşündə məsələyə diqqət çəkərək söyləyib ki, Rusiya BMT-nin baş katibi Antonio Quterreşin “Taxıl sazişi” məsələsində göstərdiyi bütün səyləri yüksək qiymətləndirir. Ancaq Rusiya yalnız Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar yerinə yetirildikdən sonra taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin də bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir