“Böyük Qayıdış” Gənclər Təşkilatı 28 May – Müstəqillik Günü münasibəti ilə silsilə tədbirlər keçirilib. Tədbirlər gənclər arasında vətənpərvərlik ruhunun, milli-mənəvi şüurun aşılanması və xalqımızın qəhrəmanlıq tarixi haqqında məlumatlılığın artırılması məqsədilə təşkil olunub.
Silsilə tədbirlər çərçivəsində üzv və könüllü gənclərin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı iştirakçılar ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatını əks etdirən müxtəlif eksponatlarla tanış olublar. Gənclər Muzeyin altı zalında nümayiş olunan Azərbaycanın istiqlaliyyət tarixinin görkəmli şəxsiyyətlərinin həyatını əks etdirən foto və sənədlər haqqında ətraflı məlumat alıblar.
Əlavə olaraq, iştirakçılar 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə İstiqlal Muzeyində keçirilən “Şuşa, sən azadsan!” adlı sərgidə iştirak ediblər. Gənclər sərgidə əslən Şuşadan olan yaradıcılığını Qarabağa həsr etmiş sənətkarlara məxsus sənət əsərləri ilə bağlı məlumatları maraqla qarşılayıblar.
Silsilə tədbirlər çərçivəsində gənclər arasında “Poliqon” Strateji İntellekt Oyunu keçirilib. Müraciəti müsbət dəyərləndirilmiş gənclər 10 komanda şəklində oyunda iştirak ediblər. İştirakçılar Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ, “Şuşa ili” və Şanlı Zəfər tarixi mövzularında olan sualları cavablayaraq qələbə uğrunda mübarizə aparıblar. Dörd mərhələdən ibarət oyunda strategiyasını ən güclü quran və ən çox suala düzgün cavab verən “Gürzə” komandası qalib elan olunub. “Mübariz” və “Dəmir Yumruq” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, onlara hədiyyələr təqdim edilib.
Azərbaycan gəncləri bu gün xoşbəxtdirlər ki, Ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi illərində regionda və dünyada böyük nüfuz sahibinə çevrilən müstəqil və qalib ölkənin vətəndaşlarıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri onun rəhbərliyi ilə Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Azərbaycan gəncləri olaraq müstəqilliyimizin daha güclü və sarsılmaz olması üçün Böyük qayıdış prosesində bütün güc və qüvvəmizi səfərbər edəcəyik!