“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətində nəzərə çarpan neqativ hallar artıq uzun illərdir ki, müzakirə mövzusudur. BQXK-nın qaçaqmalçılıqla məşğul olması, Laçın-Xankəndi yolu üzərində, Azərbaycanın Ermənistanla şərti sərhədindəki sərhəd-buraxılış məntəqəsindən müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd göstərməsi də komitənin fəaliyyətinin şəffaf olmadığını sübuta yetirir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. O qeyd edib ki, BQXK-nın tarixində qaçaqmalçılıqla yanaşı, çirkli pulların yuyulması, humanitar yardımların mənimsənilməsi və satılması, ştat cədvəllərinin süni surətdə şişirdilməsi kimi faktların sayı yetərincədir:
“Məsələn, 2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə üçün ayrılan vəsaitin beş milyon dolları Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları tərəfindən mənimsənilib.
Birinci və İkinci Qarabağ müharibələri zamanı BQXK əməkdaşlarının casusluq fəaliyyəti ilə məşğul olmaları ilə bağlı yayılan məlumatlar da bu təsisatın fəaliyyətində neqativ məqamların ən müxtəlif istiqamətləri əhatə etdiyini təsdiqləyir. Azərbaycan tərəfindən dəfələrlə ən müxtəlif səviyyələrdə məsələ qaldırılmasına baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır. İşğaldan azad etdiyimiz ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar BQXK-nın itkin düşən azərbaycanlılarla bağlı sükuta qərq olmasının səbəbini ortaya qoyur. Belə anlaşılır ki, BQXK azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi barədə məlumatlı olsa da, bu istiqamətdə Azərbaycana və beynəlxalq ictimaiyyətə heç bir məlumat verməyib, müharibə cinayətlərini gizlətməyə çalışıb”.
Deputat xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasa da, sonradan onların talelərinin necə olması ilə bağlı Azərbaycan tərəfinə hər hansı bir məlumat verilməyib:
“BQXK bu hərbi cinayətlərin araşdırılması istiqamətində heç bir addım atmayıb, azərbaycanlı hərbçilərin sonrakı taleyini diqqətdə saxlamayıb, yaxud onların vəhşicəsinə qətlə yetirildiklərini bildiyi üçün susmağa üstünlük verib.
Bütün bunlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin özünün əsas prinsipinə – tərəfsizliyə əməl etmədiyini, müharibə cinayətlərini bilərəkdən gizlətməklə caniləri məsuliyyətdən yayındırmağa çalışdığını təsdiqləyir və BQXK-nın reputasiyasını ciddi şübhə altına alır”.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətsizliyi zaman-zaman müzakirələrə səbəb olur. Qurumun Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmaması, Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciətlərinin cavabsız qalması cəmiyyətdə suallar doğurur.
Aysel Aslan