• Be. Noy 25th, 2024

Brüssel görüşü bu dəfə sülhü gətirəcək? – Ekspertlərin RƏYİ + FOTO

ByYenigun.news

Sen 1, 2022

Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sayca dördüncü görüş baş tutdu. Ermənistanın real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupunun yaradılmasına qərar verildi. Məlumdur ki, sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur.

Maraqlıdır, Ermənistan bu dəfə həmin prinsiplərə əməl edəcəkmi?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında bildirib ki, mövcud şərtlər sülhə gətirib çıxararsa, o həm də Ermənistanın maraqlarına cavab verəcək:

“Laçın hadisələri göstərdi ki, Azərbaycan öz hədəflərinə mərhələli şəkildə çatır. Əsas təzyiqi Azərbaycan göstərir. Bu da müəyyən dərəcədə Ermənistanı şərtlərimizi qəbullanmağa vadar edir. Əslində, sülh Ermənistanın da maraqlarına cavab verər. Çünki hazırda bu ölkə təcrid olunmuş vəziyyətdədir, iqtisadi və sosial cəhətdən heç bir gələcəyi yoxdur.

Siyasi ekspert Fikrət Sadıxov isə hesab edir ki, Ermənistan özlüyündə heç vaxt sülhə razılaşmayacaq. Burada Avropa İttifaqının rolu böyükdür:

“Görünür, ölkədəki daxili siyasi vəziyyət Paşinyana sülh sazişi imzalamağa imkan vermir. Amma digər bir həqiqət də odur ki, keçən dəfə delimitasiyayla bağlı işçi qrupu yaradıldı.  Hazırda biz görürük ki, baş nazirlərin müavinləri görüşürlər. Yəni bu məsələdə müəyyən addımlar artıq atılıb. Bu görüş isə bizim hücum diplomatiyamızın nəticəsidir.

Ermənistanın mövqeyi ilə biz hesablaşsaq, proses bir neçə il dondurulmuş vəziyyətdə qalacaq. İrəvan yenə əngəl törədəcək, təxribatlara əl atacaq. Ona görə də biz təzyiqlərimizi artırmalıyıq. Ermənistanı sülhə məcbur etməliyik. Bu iş bir sıra aparıcı dövlətlərin və təşkilatların vasitəçiliyi ilə həyata keçirilməlidir. Xüsusilə Avropa İttifaqının prezidenti vasitəsilə. Çünki o, burada sülhün təmin edilməsində maraqlıdır.

Lakin təəssüf ki, Avropa İttifaqı da dünyanın digər aparıcı qüvvələri kimi, aydın şəkildə birbaşa Ermənistana təzyiq göstərmir. Sadəcə, proseslər Şarl Mişelin sülhün yaranmasında maraqlı olduğunu göstərir.

Əgər Avropa İttifaqı bizim enerji istiqamətində əlaqələrimizin inkişaf etməsində maraqlıdırsa, təzyiq göstərməlidir. Heç bir şey özlüyündə həll olunmur. Biz vaxtilə Avropa İttifaqı ilə enerji-qaz haqqında memorandum imzalayanda mesaj verdik ki, geosiyasi vəziyyətdə Azərbaycanın rolu artır, enerji mənbələrindən Avropa tam istifadə edə bilər. Bunlar bizim uğurlu diplomatik addımlarımızdır. Düşünürəm ki, işə yarayacaq”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir