“Laçın Azərbaycanın ən strateji əhəmiyyətli rayonlarından biridir. 1992-ci ildə ermənilərin ciddi-cəhdlə Laçını işğal etməkdə məqsədləri strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək idi”.
Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, həmin vaxt Şuşadan sonra Laçının işğal olunması onların qarşısında qoyulan əsas vəzifə idi:
“Çünki bura Kəlbəcərlə həmsərhəd, Xankəndiyə isə yaxın idi. Döyüşlər zamanı 14 mindən artıq ev yandırılıb məhv edilmişdi. Laçından çoxsaylı əsir götürülmüşdü, rayon 270-ə yaxın şəhid vermişdi. Ermənilər Laçını vandalizmə məruz qoydular. Rayon işğal olunanda Azərbaycanda xaotik bir vəziyyət idi.
Hərc-mərclik, müxtəlif qruplaşmalar, hərbi birləşmələr var idi, hansı ki, siyasi məqsədlərə xidmət edirdilər və qarşısını almaq problemli idi. Həmin vaxt Bakıda dövlət çevrilişinə cəhdlər edilirdi. Laçındakı qoşunların yarısı ərazilərdən çıxarılaraq, Bakıya gətirilmişdi. Belə bir vəziyyətdə Laçın mənfur düşmən tərəfdən işğal olundu, vandalizmə məruz qaldı, təbii sərvətləri, mədəni-mənəvi irsi darmadağın edildi”.
Deputat bildirib ki, artıq Laçın şəhəri, eləcə də Zabux və Sus işğalçılardan boşaldılaraq azad edilir:
“Təbii ki, yenə də ermənilər öz xislətindən əl çəkmir, evləri yandırırlar. Həmin ərazilər Azərbaycanındır. Onların xisləti göz qabağındadır. Bura qədim Azərbaycan torpaqlarıdır. Bu gün artıq Azərbaycan hakimiyyəti sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan əraziləri təmizləməklə məşğuldur. Yeni yol çəkilir, fikrimcə, bu ayın sonuna kimi Azərbaycan ordusu Laçın şəhəri və kəndlərinə tam nəzarət edəcək. Bu, mühüm məsələdir”.
İlhamə Əbülfət