• Bz. Noy 24th, 2024

Cənubi Azərbaycan: Qlobal güclərin planları, Bakı qarşısında duran çağırışlar – TƏHLİL

ByYenigun.news

Avq 26, 2022

İranın xarici siyasətinin cövhəri siyasi panşiəliyi regiona sıçradaraq “şiə hilalı”nın formalaşmasına nail olmaq məqsədlərinə xidmət edir.

Radikal məzhəbçi siyasi hərəkat meydana çıxarmaq, həmin kütləni silahla təchiz edib ayaqlandırmaq İranın strategiyasının parlaq kodeksidir.

Bununla da İran beynəlxalq münasibətlər sistemi, regional mənzərə üçün təhdid elementləri ilə bol olan ideoloji istiqamətləri körükləyir, ancaq Tehranın arzu və istəklərinin ortaya çıxardığı geopolitik oxlar İslam Respublikasının özünə qarşı tuşlanır.

Birincisi, İran beynəlxalq arenada təklənir, sözü eşidilmir, ona inam və etibar yox dərəcəsindədir.

İkincisi, İrandakı kəşfiyyat-təxribat və ideoloji cəbhədəki bol hədyanlar, ölkənin nüvə silahı əldə etmək riski Tehranı beynəlxalq sanksiyaların girdabına salır.

Üçüncüsü, sadaladığımız iki səbəb İran üçün arzuolunmaz daha təhlükəli ssenarinin işə düşmək ehtimalını üfüqlərdə göstərir, söhbət ölkənin etnik tərkibinin geopolitik poliqonda Tehrana qarşı ən böyük silah kimi ortaya çıxmasından gedir.

Tehranın farslardan savayı qeyri millətlərə qarşı ayrı-seçkilik siyasətindən ən çox əziyyət çəkən azərbaycanlılardır, molla rejimi azərbaycanlıların dil və mədəni hüquqlarını hədəf alaraq iğtişaşlar üçün yaşıl işıq yandırır.

Azərbaycan Ermənistan üzərində həlledici və sonrakı proseslər üçün diktəedici istiqamətlər yaradan qələbə qazandıqdan sonra İranda narahatlıq meyilləri üzüyuxarı dırmaşır. Hərçənd ki, Tehranın provokativ bəyanatları və kəşfiyyat-təxribat fəaliyyətləri mənasız nəticələr hasil edir.

Bütün bunlar, Azərbaycanın qazandığı zəfərin nəticələrinin genişlənməsini daha böyük monitorla izləmək ehtiyacını üzə çıxarır.

İranın içərisində türkçülük coşqusunun artması ideyaların keyfiyyətcə yeni mərhələyə adlaması üçün istiqamətverici güc kimi bərq vurur və Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-birinə olan bağlılığı bərkiyir.

Yəni Arazın o tayı da, bu tayı da inteqrasiya edilmiş şəkildə vahid siyasi güc kimi İrana meydan sulaya bilmək potensialını inkişaf etdirir.

Tehranın Azərbaycana qısqanc yanaşması İrandakı türk əhalinin mədəni və ideoloji müstəvidəki ideyalarını canlandırmaq üçün imkanlar yaradır və gələcək üçün geosiyasi təsirlər formalaşdırır.

İrandakı azərbaycanlı amili böyük səhnənin arxasındakı güc dublyorları üçün də cəlbedicidir və onların İslam Respublikasındakı etnik “kozır”dan yararlanmasına fürsətlər verir.

Azərbaycanlı icması İranın xarici siyasətinə necə təsir edilə biləcəyinin bariz nümunəsidir, bu, Tehranın regional təhlükəsizliyi təhdid edən ardı-arası kəsilməyən fəaliyyətlərinə adekvat olan strateji təsir vasitəsidir.

İrandakı türk faktoru təkcə azərbaycanlılarla yekunlaşmır, ölkədə türkmənlər, qaşqaylar da mövcuddur. Onların hamısının ümumi türkçülük zolağında vahid çətir altında birləşməsi üçün ideoloji platforma yaradılması böyük güclərin strateji zərurətləri sırasında yer alır.

İran teatrı partlamağa hazır bombadır, dünya düzəninin dəyişdirilməsi cəhdləri fonunda bu bombalara yatırımlar edilir.

Ancaq teatrdakı rollar hələ tam müəyyən olunmamış görünür. Daha nəhəng aktorların isə İranı diz çökdürmək üçün layihələri ola bilər, amma onlar təkcə türk amilinə deyil, həm də kürd, ərəb və bəluclara da sərmayə qoymaq niyyətindədirlər.

İrandakı etnik panoramdakı gərginliyə hamiləlik dövrü gözlənilməz nəticələrlə yüksəlməyə doğru gedir və bu, təkcə türkləri deyil, ərəbləri, kürdləri və bəlucları da əhatə edir.

Proseslərin və planların mərkəzində azərbaycanlılar dayanırlar və onların müstəqillik idealları ilə meydana atılmalarına zəmin yaranır.

Rəqabət müstəvisində Qərb (xüsusilə ABŞ və Böyük Britaniya) baş verə biləcək proseslərin bir, Rusiya digər bir yerində qərar tutmaq üçün çarpışır.

Azərbaycan İranla münasibətləri korlamamaq prinsipi ilə hərəkət etsə də, İrandakı azərbaycanlıların hüquqlarının mənəvi və hüquqi müdafiəsini təzminat altına almaq bacarıqlarını inkişaf etdirir.

Buna görə də Azərbaycan qarşısında daha böyük vəzifələr durur:

1. Cənubi Azərbaycana aid konseptual strategiya hazırlamaq,

2. Gedişatlara uyğun olaraq onun detallarını ərsəyə gətirmək,

3. Qeyd olunan strategiya həyata keçirilərkən elə mövqedə dayanmaq lazımdır ki, nəticələr bizim üçün ziyanlı olmasın.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir