Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib.
Qarabağda icra olunan yol infrastrukturu layihələri tədbirlər planına uyğun olaraq 15 layihədən 11-nin icrası 2024-cü ildə, üç layihənin 2025-ci ildə, bir layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2023-cü il üzrə hesabatında qeyd edilib.
Vurğulanıb ki, 2024-cü ildə Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrud, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi nəzərdə tutulub. Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi, Horadiz-Tuğ-Azıx mağarası, Ağdam-Füzuli, Horadirz-Cəbrayıl-Zəngilan-Ağbənd, İranla dövlət sərhədi avtomobil yolunun və Araz çayı üzərində avtomobil yolu körpülərinin tikilməsi planlaşdırılır.
Laçın rayonunda hava limanı tikintisi ilə əlaqədar qazma, partlatma və torpaq işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi aparılacaq.
2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yollarının, 2026-cı ildə isə Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi işlərinin başa çatdırılması planlaşdırılır.
2023-cü il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılıb (72,1%).
Hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa edilib.
2023-cü ildə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər (80 km), Ağdərə-Ağdam (35,5 km), Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.
2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli-Xocavənd-Ağdam avtomobil yolunun (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcək.