Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.
Qeyd edilib ki, Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyini bildirib.