• C. Noy 29th, 2024

Ceyhun Bayramov Almaniyanın dövlət naziri ilə görüşdü

ByYenigun.news

İyl 11, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasların bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən davamlı hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsinin sülh prosesinin qarşısında duran maneələrdən olduğu diqqətə çatdırılıb.

Tobias Lindner Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirərək, bu istiqamətdə müxtəlif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Almaniyanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərilən səyləri alqışladığı diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir