Rusiyanı məhsullarının Avropaya tədarükündə nəqliyyat dəhlizi kimi görən ölkələr indi alternativ variantlar axtarırlar. Cənubi Qafqaz ölkələri və Qazaxıstan Ukrayna böhranı başladıqdan sonra Transxəzər nəqliyyat dəhlizini vacib layihə kimi nəzərdən keçirirlər.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Rusiya-Ukrayna münaqişəsinin qlobal geosiyasət üçün ciddi nəticələri yaranıb. Moskvaya qarşı beynəlxalq sanksiyalar Rusiyanın qonşularına da təsir göstərir. Rusiyanı ənənəvi olaraq məhsulların Avropaya tədarükündə nəqliyyat dəhlizi kimi görən ölkələr indi alternativ variantlar axtarırlar. Əlbəttə ki, bu, Çin, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinə də aiddir. Onlar nəqliyyat sahəsində vəziyyətin dəyişməsi fonunda Transxəzər layihəsini daha çox dəstəkləməyə başlayıblar. Hazırda həm beynəlxalq, həm də yerli ekspertlər Çindən Avropaya qədər uzanacaq bu nəqliyyat dəhlizinin böyük potensiala malik olduğunu düşünürlər.
Köhnə layihə, yeni perspektivlər
Geosiyasi, hərbi, ticarət məsələləri və postsovet məkanı üzrə ixtisaslaşmış amerikalı ekspert Uaylder Alexandro Sançes Yaponiyanın nüfuzlu “The Diplomat” nəşrində dərc edilən son məqaləsində Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə bəhs edib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında bəhs edən zaman iki amili nəzərə almaq lazımdır: “Birincisi, Mərkəzi Asiya ilə Cənubi Qafqazı, daha sonra Qara dənizlə Cənub-Şərqi Avropanı birləşdirən Transxəzər dəhlizi layihəsi ilə bağlı ideya yeni deyil. Xatırladaq ki, Çin iddialı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürüb. Bununla bağlı olan avtomobil, dəmir və dəniz yollarının bir hissəsi məhz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçəcək”.
Müəllif qeyd edib ki, dəhlizin daha rahat və sürətli olması üçün konsorsium belə yaradılıb: “Məsələn, “Orta dəhliz” Azərbaycan, Gürcüstan və Qazaxıstanın gəmiçilik şirkətlərini birləşdirir”.
Amerikalı ekspert ikinci amil kimi Qazaxıstanla Cənubi Qafqazdakı ölkələrin, xüsusilə Azərbaycanın bir-birinə yad olmayan ölkələr olduğunu qeyd edib: “Çünki bu iki ölkə ümumi türk tarixini bölüşürlər”.
U.Sançes Cənubi Qafqaz ölkələri ilə Qazaxıstanın müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini də vurğulayıb. Söhbət Türk Dövlətləri Təşkilatı, Avrasiya İqtisadi Birliyi və MDB-dən gedir.
“Gürcüstan sadalanan təşkilatlara üzv olmasa da, Tbilisi Nur-Sultanla sıx əlaqələri dəstəkləyir”, – deyə Yaponiya nəşrində qeyd edilir.
Ümidverici proseslər
Müəllifin sözlərinə görə, Cənubi Qafqaz ölkələri və Qazaxıstan Ukrayna böhranı başladıqdan sonra Transxəzər nəqliyyat dəhlizini vacib layihə kimi nəzərdən keçirir: “Qafqaz regionunun həqiqi nəqliyyat dəhlizinə necə çevriləcəyini zaman göstərəcək. Xəzər dənizinin hər iki tərəfində yerləşən ölkələrdə lazımi infrastruktur, yəni mürəkkəb dəmir yolları şəbəkəsi və dəniz limanları var. Amma konteynerlərin sərhədə çatdırılmasını sürətləndirmək və gözləmə müddətini azaltmaq üçün Cənubi Qafqaz ölkələri (və Türkiyə) arasında razılığa və əməkdaşlığa ehtiyac duyulur. Əlbəttə ki, nəqliyyat tariflərini də müzakirə etmək lazımdır”.
U.Sançesin fikrincə, son dövrdə Transxəzər layihəsinin həyata keçirilməsi ilə bağlı ümidverici proseslər baş verib: “Məsələn, Qazaxıstan rəsmiləri azərbaycanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində birgə müəssisənin yaradılmasına dair razılığa gəliblər”.
Müəllif sonda vurğulayır ki, Transxəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün iqtisadi və logistik imkanlar açır.
Cənubi Qafqaz marşrutunun inkişafı
Əlbəttə, regional nəqliyyat marşrutlarının inkişaf perspektivləri azərbaycanlı ekspertlərin də diqqət mərkəzindədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov ABŞ-ın tanınmış “The National Interest” nəşrində dərc edilən məqaləsində qeyd edir ki, hazırkı vəziyyət qlobal nəqliyyat şirkətlərini daha sabit və alternativ marşrutlar haqda düşünməyə sövq edir: “Təsadüfi deyil ki, ekspertlər hazırda Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə yükdaşımalarının artırılması imkanlarını müzakirə edirlər. Onlar bunu etibarlı alternativ marşrut kimi nəzərdən keçirirlər”.
A.Müseyibovun sözlərinə görə, regiondakı mövcud infrastruktur və yeni təşəbbüslər göstərir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsi etibarlı enerji və nəqliyyat dəhlizlərinin yaradılması üçün istifadə edilməmiş potensiala malikdir: “Maraqlıdır ki, Cənubi Qafqaz yerləşdiyi coğrafiyadan yalnız fayda qazanır: region Qərb sanksiyaları ilə üzləşən iki böyük ölkə (İran və Rusiya) arasında yerləşir. Açığı, sanksiyalar tətbiq edilmiş ölkələr əvəzinə Cənub Qafqazdan keçən marşrutun seçiləcəyi heç bir şübhə doğurmur”.
Ekspert qeyd edib ki, hazırda Bakı və Tehran İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, oradan isə dünya bazarlarına uzanacaq nəqliyyat layihəsi üzərində işlərin həyata keçirilməsinə hazırlaşır: “İranla birgə həyata keçiriləcək yeni logistika layihəsi ilə yanaşı, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılması da gündəmdədir”.
A.Müseyibov sonda vurğulayıb ki, Azərbaycan artıq daşıma qabiliyyətinin artırılması ilə bağlı addımlar atıb: “Azərbaycan yaxın illərdə Xəzər dənizi vasitəsilə yükdaşımalarını artırmağı planlaşdırır”.