Özünü dünya demokratiyasının hamilərindən hesab edən Fransada günlərdir davam edən etiraz aksiyaları bu ölkənin siyasi rəhbərliyinin səriştəsizliyini ortaya qoymağa davam edir.
“Demokratiya hamisi”nin demokratiyadan kənar görüntüsünün arxasında siyasi hakimiyyətdən illər ərzində yaranmış narazılıq dalğasının özünün pik həddinə çatması dayanır.
Ancaq Emmanuel Makronun timsalında bu gün Fransanı idarə edən qüvvə heç də hadisələrdən düzgün dərs çıxarmaq, məntiqi qiymətləndirmədən zəruri qeydlər götürmək iqtidarında görünmür.
Təkcə, Makronun son açıqlaması, iğtişaşlara münasibəti onu göstərir ki, E.Makron üçün onsuz da sözdə qalan demokratiya anlayışı ümumiyyətlə unudulub, hakimiyyətini qorumaq, ondan möhkəm yapışmaq üçün hər yola əl atmaq variantı isə prioritetə çevrilib.
Əks halda günahsız bir gəncin qətlinə etiraz olaraq başlayan aksiyaları “iğtişaşlara səbəb kompüter oyunları olub” sözləri qiymətləndirməyə başqa cür ad tapmaq çətindir.
Bununla da kifayətlənməyən “Demokratiya hamisi”nin demokratiyaya qənim kəsilən lideri bildirir ki, internet resurslarında ciddi senzura tətbiq edilməlidir. Bu sözləri əlinə keçən hər fürsətdə Fransa demokratiyasına mədhiyyələr deməklə məşğul olan Emmanuel Makron deyir…
“İğtişaşçılar “videooyunlarla zəhərləniblər” və sadəcə olaraq onların süjetini təkrarlayırlar. Həmçinin “nifrət nitqi” və dezinformasiya sosial şəbəkələr və “TikTok” vasitəsilə yayılır”.
Göründüyü kimi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, dünyada hegemonluq iddiasında olan Fransanın lideri ölkəsində baş verən faciəyə və ardınca baş verən mübarizəyə yalnız belə münasibəti layiq bilir.
O vətəndaşların demokratik çağırışlarına nəinki məhəl qoymur, problem olaraq azadlıqların tapdalanmasını, ayrı-seçkilik mühitinin möhkəmlənməsini deyil, kompüter oyunlarını və “TikTok”u görür. Fransız xalqı demokratiya, bərabərlik tələb etdiyi bir vaxtda onun lideri çarəsizlikdən və ya sadəcə siyasi keyfiyyətlərinin, idarəetmə qabiliyyətinin, təhlil bacarığının və dünyagörüşünün aşağı olması səbəbindən özünə xəyali düşmən kimi məhz sadaladığımız cəhətləri seçir.
Bu açıqlama Fransa üçün yaxşı heç nə vəd etmir. Belə ki, Fransada problemlər mövcuddur. Onların sayı hər ötən gün etirazların sayı kimi durmadan artır. Hər hansı bir problemi həll edə bilmək üçün isə ilk növbədə siyasi səriştə və problemin kökünün tapılması zəruridir. İndiki halda Makronun qoyduğu diaqnoz onun gələcək karyerası üçün də mühüm siqnallar verir. Hər halda kompüter oyunları və “TikTok”la mübarizə aparmaqla Makronun Fransadakı problemləri həll etmək potensialı sıfıra bərabərdir.
Tarix isə səriştəsizliyi bağışlamır. Tarixdə qalmaq üçün absurd düşüncələrə qapılanların sonu isə əksər hallarda bənzər olur.
“Demokratiya hamisi”, “demokratiya təəssübkeşi” Fransa bu gün ölkəsinin təlqin etdiyi prinsiplərə belə hörmət etməyən biri tərəfindən idarə olunur. Bu fikir isə heç də əsassız bir iddia sayıla bilməz. Çünki günahsız birinin ölümünə qarşı insanların haqq səsini amansızlıqla boğmağa çalışan və problemi xəyali düşmənlərdə axtaran şəxsin insan hüquq və azadlıqlarına dair hər hansı anlayışının olması özü də çox çətin görünür. Üstəlik Makron illərdir formalaşdırdığı imici ilə perspektivdə də bu anlayışları qavraya biləcək potensiala ümid vermir.
Yekun mənzərə onu göstərir ki, “Fransa demokratiyası” həqiqətən özünəməxsus xüsusiyyətləri olan bir anlayışdır. Ancaq təəssüf ki, bu anlayışın özündə ehtiva etdiyi xüsusiyyətlər heç bir halda bəşəriyyətin demokratiya dəyərləri ilə paralellik təşkil etmir və ya edə bilmir. Emmanuel Makronun lideri olduğu bir “demokratiya hamisi” isə yuxarıda qeyd olunan faktlar fonunda yalnız gülünc görünür…
Orxan Tağıyev