Qarabağımızın tarixi, mədəni irsi, memarlıq abidələri hər zaman diqqətimizdə olub. Ötən 2 ildən artıq müddətdə bu mövzulara dəfələrlə toxunmuşuq. Xüsusilə, fəaliyyətlərini tədqir etdiyimiz “Qorqud” Vikipediya Metodik Klubun könüllülərinə tövsiyyələrimiz ondan ibarətdir ki, bu mövzulara məxsusi önəm versinlər. 44 günlük Vətən müharibəsi ərəfəsində, ələxüsus da Tovuz hadisələrindən sonra sosial şəbəkə hesablarımda Qarabağın sonradan erməniləşdirilmiş alban məbədlərinə dair bir neçə statusu Azərbaycan, rus və ingilis dillərində paylaşmış, yazılanların başqa ölkələrdə də oxunması üçün çalışmışıq. Qeyd etməliyəm ki, bu statusların hazırlanmasında əməkdaşlıq etdiyimiz tarixçilərin yaxından iştirakı olub.
Bu kontekstdə maraqlı bir məqama toxunmaq istəyirəm. 2021-ci il fevralın ilk günlərində Şuşadakı xristian məbədlərinə dair yazılar paylaşdıq. Azərbaycan və rus dillərində. Yazılarda Şuşadakı “Müqəddəs İoan” kilsəsi, ona xalq arasında “Yaşıl kilsə” də deyilir (https://elnurallahverdiyev.az/…/susanin-xristian…) və tarixdən “Qazançı kilsəsi” kimi tanıdığımız, sonradan erməniləşdirilərək “Kazançesots”a (https://www.facebook.com/elnur…/posts/266527068196879/) transformasiya olunan məbədin memarlıq quruluşunu necə dəyişdiklərinə dair ermənilərin özlərinin paylaşdıqları fotofaktlar təqdim olunub.
Məlumdur ki, dövlətimiz işğal altında olan torpaqlarımızı azad etdikdən dərhal sonra burada yenidənqurma işləri ilə yanaşı, tarixi abidələrimizin bərpasına da başlayıb. Bu baxımdan, adıçəkilən məbədlər də istisna deyil. Əsas məqsəd onların tarixi görkəmini qaytarmaq və erməni saxtakarlığına son qoymaqdır. Odur ki, hər iki məbəddə təmir-bərpa işləri həyata keçirilir. Təbii ki, bu, erməniləri narahat etməyə bilməz deyə, bütün dünyaya car çəkiblər ki, guya Azərbaycan “onlara məxsus” kilsələrin görkəmini dəyişməklə “tarixi saxtalaşdırır”. Ermənilər onlara məxsus isterik və heç bir elmi əsası olmayan hay-küyün müşayəti ilə nədənsə ilyarım bundan əvvəl paylaşdığımız yuxarıda qeyd olunmuş statusları yadlarına salıb, ölkəmizi guya onlara məxsus olan kilsələri “ruslaşdırmaq”da günahlandırırlar. “news.am” saytı (https://news.am/rus/news/710292.html) və “Баграмян 26” telegram-kanalı (https://t.me/bagramyan26/39117) məni də “kilsələrin ruslaşdırılması” prosesində “suçlayırlar”. Yazırlar ki, 1960-cı illərdə “Azərbaycan Şuşada ermənilərin irsini məhv etməklə azərbaycanlılar üçün yaşayış sahəsini genişləndirməyə müvəffəq olub”. Elə bu illərdə həmin “Yaşıl kilsə”nin içində rəsm qalereyası açılıb. Ermənilərə görə, bizim həmin kilsənin Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra ruslar tərəfindən tikildiyinə dair faktlarımız saxtadır. Sən demə…diqqət: “o ki qaldı pravoslav kilsə arxitekturasına məxsus günbəzə, bu, həmin dövrün memarlıq tərzinin təsiri ilə edilib”. Tərcümədə bu iddianı belə başa düşmək olar: ruslar Qarabağda söz sahibi idilər deyə, ermənilər kilsələrini pravoslav tərzdə tikirdilər. Məntiqlə, ruslar deyil, məsələn, yunanlar olsaydı, Bizans tərzində inşa edəcəklərmiş.
Əlbəttə, ermənilərlə mübahisə etmək mənasız fəaliyyətdir. Ancaq bununla belə, onların elmdən uzaq iddialarına bir neçə sualla cavab vermək yerinə düşər:
1. Azərbaycanı “erməni kilsələrini ruslaşdırmaqda” suçlayan erməni təbliğat maşını kimin Şuşada Pənahəli xan tərəfindən tikilmiş Yuxarı Gövhər Ağa məscidini “İran məscidi” etdiyini deyə bilərmi? Yeri gəlmişkən, İrəvandakı Göy məscidi də o cümlədən;
2. Azərbaycan kilsədə rəsm qalereyası yaratmışdısa, 30 il ərzində 50-dən çox məscidimizdə mal-heyvanı, İslam dininin qəbul etmədiyi donuzu kim saxlayırdı?
3. Biz azərbaycanlıları “erməni tarixi irsini” məhv etməkdə suçlayanda, hansı irsdən söhbət gedir – daşları sirkədə saxlayıb, “qızardıb” “qədim xaçkar” kimi təqdim olunan irsdən? Nə səbəbdən 30 illik “müstəqillik” dövründə axtarıb-tapılmayan erməni xaçkarları 2020-ci ilin 44 günlük müharibəsindən sonra az qala göbələk kimi hər ağacın dibində “bitməyə” və təsadüfən yerli sakinlərin qarşısına çıxmağa başlayıb?
Atalarımızın yaxşı deyimi var: Utanmasan oynamağa nə var?
Utanmazlar!
Elnur Allahverdiyev
Milli Məclisin deputatı