“Rusiyanın məğlubiyyəti yalnız döyüş meydanı ilə bitməyə bilər. Söhbət ondan gedir ki, sanksiyaların daha da sərtləşdirilməsi mümkündür. Bu isə müharibənin davam etdirilməsinin mümkünsüzlüyünə gətirib çıxaracaq”.
Bunu Oxu.Az-a açıqlamasında tanınmış amerikalı jurnalist, publisist, politoloq Devid Satter Ukrayna ilə Rusiya arasında davam edən hərbi toqquşmaların yekununa dair proqnozunu səsləndirərkən söyləyib.
Politoloq hesab edir ki, hazırda Rusiya və Ukrayna arasında aparılan danışıqların sülh sazişi ilə nəticələnməsi ehtimalı çox aşağıdır:
“Bir tərəfdən, Putin bu təcavüzün hansısa nəticələrə gətirib çıxardığını göstərməlidir ki, insan və hərbi texnika itkisinə haqq qazandıra bilsin. Ukrayna isə işğalçıya mükafat olsun deyə öz ərazilərdən imtina edə bilməz. Ona görə də vəziyyət çox gərgindir”.
Devid Satter dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu ölkəyə humanitar yardım göndərilməsi ilə bağlı məqamları isə belə şərh edib:
“Bu, Rusiya Federasiyasında narazılığa səbəb ola bilər. Ancaq söhbət ondadır ki, Rusiya indi kifayət qədər düşmən qazanıb və yenilərini də yaratmaqda maraqlı deyil. Onlar başa düşməlidirlər ki, bütün dünyanı təhdid edəcək gücdə deyillər. Hər bir ölkənin Ukraynaya dəstəyini ifadə etmək və təcavüz qurbanlarına yardım göstərmək hüququ var”.
Nair Əliyev