Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
AZƏRTAC müraciəti təqdim edir:
“Bu il Bakı Qlobal Forumunda çıxış etmək mənim üçün böyük şərəfdir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda ardıcıl olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu bu sahədə dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanıyıb. Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatına qoşulandan bəri Azərbaycan hərtərəfli və geniş gündəliyinin zənginləşdirilməsi üçün BMT-nin Nizamnaməsində nəzərdə tutulan məqsəd və vəzifələrə fəal töhfəsini verir. Həmçinin bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi qeyd olunur. Azərbaycanın UNESCO-nun fəaliyyətinin əsas prioritetlərinə sadiqliyi böyük alqışa layiqdir. Bu ilin nə üçün xüsusi bir il olduğunu göstərən daha bir faktı vurğulamaq istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etmişdir. Şuşa Azərbaycanın mühüm tarixi və mədəni məkanı kimi ölkənin mədəniyyət paytaxtı statusuna layiq görülüb.
Azərbaycan Latviyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır. Bu ilin əvvəlində Riqaya səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə görüşməkdən məmnun oldum. Biz Azərbaycanla nəqliyyat və logistika, eləcə də müdafiə sahələrində güclü əməkdaşlığımızı müzakirə etdik. Ümidvaram ki, tezliklə Azərbaycana səfər edəcəyəm.
Bu gün bu Forumda COVID-19 pandemiyası ilə mübarizədə irəliləyişi qeyd etmək və postpandemiya dövründə ən yaxşı qlobal həlli müzakirə etmək əvəzinə, biz Rusiyanın Ukraynadakı işğal qurbanlarını yad edirik. Latviya Ukraynanın yanındadır və biz Ukraynanı hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləyirik. Rusiyanın məsuliyyətini beynəlxalq hüquq baxımından müzakirə etmək çox böyük əhəmiyyətə malikdir. Bu məsuliyyəti gücləndirmək üçün bütün imkanlar var. Onlar hər vasitə ilə beynəlxalq hüququn normalarına riayət etməlidirlər – Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, sanksiyalar, Xüsusi Beynəlxalq Tribunal, milli araşdırmalar. Rusiyanın təcavüzü bizə onu göstərir ki, qanuna tabe olan hər bir xalq təcavüzkarı dayandırmaq və Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün birlikdə hərəkət etməlidir.
Xanımlar və cənablar, Qlobal Bakı Forumunu yüksək qiymətləndirirəm, çünki dinlərarası və mədəniyyətlərarası platforma olaraq dünyada dialoq üçün çox gözəl yerdir. Bu Forumda sizə zəngin müzakirələr və ən yaxşı həll yollarının tapılmasında uğurlar arzulayıram”.