• Bz. Noy 24th, 2024

Əliyevlə Paşinyanın planlaşdırılan görüşü: Azərbaycanın şərtlərinin miqyası – TƏHLİL

ByYenigun.news

Sen 29, 2023


Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Bakı-İrəvan danışıqlarının perspektiv layihələndirilməsi Ermənistan üçün daha çətin vəziyyəti canlandıracaq.

O mənada ki, iki tərəf arasında onilliklər boyu davam edən və xarici oyunçuların təhriki ilə qızışdırılan təhdid mənbələrindən ən vacibi aradan qalxdı – artıq Qarabağda nə işğal, nə separatçı rejim var, nə də hər hansı status gündəliyə çıxarılır.

Qarabağdakı antiterror hərəkətləri Azərbaycanın Ermənistan və ona havadar olanlar qarşısındakı əzələlərini bərkidir, bundan sonrakı danışıqlarda Bakının dəmirləşmiş əli İrəvanın üzərində daha bərk sıxılacaq.

Yəni Qarabağdakı tədbirlərin yekunu Ermənistana qarşı danışıqlar masasında qaldırılacaq zərbənin kulminasiyasını gətirə bilər.

Ona görə də oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın planlaşdırılan görüşünə böyük diqqət var.

Əliyevin danışıqlarda Paşinyana Azərbaycanın şərtlərinin miqyasını yenidən xatırlatmasında sərhədlərin delimitasiya məsələsi mərkəzi yerlərdən birini tuta bilər.

Çünki delimitasiya, daha korrekt ifadə ilə qeyd etsək, insidentsiz delimitasiya, regionun təhlükəsizliyi və sülh mühitinin sağalması baxımından önəmlidir.

Hərçənd ki, Azərbaycan Ermənistanın növbəti danışıqlarda hansı mövqeyi tutacağını konkret müəyyənləşdirə bilmir, çünki İrəvanın kənar qüvvələrin manipulyasiyası ilə ruhlanması təcrübəsi ərşə çəkilməyib. 

Belə mövqe regionun çürümüş təhlükəsizlik sütunlarını təmir etməyə maneə yaratdığından, Azərbaycan alternativ imkanlarını gündəmə gətirə bilər.

Ermənistan Azərbaycanın Qarabağdakı separatçıların hərbi imkanlarını mahiyyətcə və keyfiyyətcə məhv etməsindən sonra sərhədlərin hansı formada delimitasiya olunmasının həyəcanını keçirir.

Budəfəki danışıqlar Azərbaycanın Ermənistana qarşı iddialı gündəliyinin əhəmiyyətli dalğasını təşkil edəcək. Ən azından, Qazaxın işğal altında olan yeddi kəndi və Naxçıvanın Kərki kəndinin beynəlxalq hüququn prosedurları ilə Azərbaycana geri qaytarılması məsələsi danışıqlar gündəliyinin aparıcı xəttində qərarlaşacaq. 

Çünki məntiqi ardıcıllıq bunu tələb edir ki, Azərbaycan ərazi suverenliyinin səkkiz kənd üzərindəki hərtərəfli təmini nəticələrinə yiyələnməlidir.

Azərbaycana bu məsələdə ən vacib və həlledici dəstək Türkiyədən verilir, Rusiyanın və Qərbin isə baxışlarını kafi hesab etmək olar – dərin mənada.

Danışıqlarda müzakirə masasına qoyula biləcək digər mövzu Zəngəzur dəhlizi layihəsinin işə salınması ilə əlaqəli olan regional konfiqurasiyadır.

Həmin müzakirə predmetinə Azərbaycan və Türkiyədən Zəngəzur dəhlizinin açılması ilə bağlı güclənən ritorikalar fonunda nəzər yetirmək mümkündür.

Zəngəzur dəhlizinin anatomiyası həm sərhədlərin delimitasiyasını, həm Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışını, həm də kənar oyunçuların geostrateji maraqlarının kəsişdiyi nöqtələri özündə cəmləşdirən genişmiqyaslı prosesləri qeyd edir.

Proseslər dəyişmiş regional kontekstə Azərbaycanın qazandığı strateji üstünlüklərin sirayəti ilə əlaqəli formada inkişaf edəcək.

Ermənistanın strateji səhvlərə yol verməsi qəbuledilən deyil, çünki onun üçün daha böyük dramatik nəticələr hasil ola bilər. Ona görə də Paşinyan maksimum şəkildə Əliyevin şərtlərini qəbul etmək bacarığını danışıqlarda göstərəcək, lakin sonrakı məsələlərdə əldə edilən razılaşmaların icrasını qeyri-müəyyən məcraya yönəltmək cəhdinə girişə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir