• Ç. Noy 27th, 2024

“Ermənilər azərbaycanlıların Xankəndidə yaşadığını dana bilməzlər, biz buradayıq!” – FOTO

ByYenigun.news

Sen 8, 2023


Ermənilər beynəlxalq ictimaiyyətdə elə təəssürat formalaşdırıblar ki, sanki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə tarixən ancaq ermənilər yaşayıblar, orada heç azərbaycanlı olmayıb. Halbuki, bu şəhəri elə adından da göründüyü kimi, azərbaycanlılar salıblar, münaqişədən də çox-çox öncə orada yaşayıblar və indiyə qədər onların öz evlərinə qayıdışı təmin olunmayıb.

Bu sakinlərdən biri də Xankəndidə doğulan və bu gün də doğma şəhərinə qayıtmağa hazır olan Xatirə Vəliyevadır. Yaşadıqlarını Oxu.Az-la bölüşən həmsöhbətimiz bildirib ki, məlum hadisələr başlayanda –  1988-ci ildən etibarən Xankəndidə yaşayan azərbaycanlılar 1991-ci ilin dekabrın sonunadək heç bir dəstək olmadan, öz güclərinə ermənilərə sinə gəriblər:

“Xankəndi sakinləri doğma yurdu verməmək üçün döyüşdülər, şəhid verdilər, qazi-veteran oldular. Sonda isə məcburi köçkün həyatı yaşamağa məhkum edildik.

Sırf xankəndililər üç-dörd dəfə məcburi köçkün həyatı yaşayıblar. Bu, bizim Vətənimizə, torpağımıza bağlılığımızdan irəli gəlir. Biz ilk olaraq Şuşaya, Xocalıya, Ağdama – yəni, yaxın ərazilərə getdik, oradan evimizə qayıdacağıq. Adımıza necə əminiksə, Xankəndinin bizim ata yurdumuz olduğuna da elə əminik. Vətənimizi tərk etmirdik, yaxına köçmüşük, vəziyyət sabitləşəndə evimizə qayıdacağıq. Ermənilər havadarları ilə birləşərək, bizi doğma yurdumuzdan didərgin saldılar.

Mən Xankəndinin mərkəzində, universitetin və avtovağzalın yanında yaşamışam. Həmin dövrdəki dolanışığımız, yaşayışımız çox yüksək səviyyədə idi. Məktəb illərimiz, uşaqlıq dövrümüz, gəncliyimiz, yeniyetməliyimiz Xankəndidə keçib. Ona görə indi də mən yuxularımda Xankəndidəki evimizi görürəm.

İllər əvvəl “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyini yaradanda da ümid edirdik, inanırdıq ki, bir gün doğma yurdumuza qayıdacağıq. Elə şüarımız da budur”.

Xatirə Vəliyeva vurğulayıb ki, ermənilər dünyaya car çəkərək, Xankəndidə azərbaycanlıların yaşamadığını bildirirlər:

“Xankəndidə, ümumilikdə Qarabağda azərbaycanlı yaşamayıbsa, ora ermənilərin məskəni olubsa, niyə onda oranın adı 1923-cü il iyunun 27-nə qədər Xankəndi adlanıb? Niyə ərazi Qarabağ adlanır və ermənilər özləri də Qarabağ deyirlər? Qarabağ da, Xankəndi də Azərbaycan sözüdür. Hər birimiz yaxşı bilirik, Rusiyada oktyabr inqilabından sonra, 1923-cü ildə iyunun 27-də bolşeviklərin təsiri ilə erməni əhalinin sayı süni şəkildə artırıldı, Xankəndinin adı dəyişdirildi, Qarabağa muxtariyyət verildi.

Xankəndidə tarixi abidələrin hamısı ermənilər tərəfindən dağıdılıb. Bizim tarixi abidələrimizin yerli-dibli bünövrəsi də qalmayıb. Amma Qarqar çayının üzərindən keçən Məmmədağanın tikdiyi Ağa körpüsü elə Ağa körpüsü olaraq qalıb. Bu özü tarixi bir faktdır.

Xankəndiyə Ağdam tərəfdən gələndə, Xocalı tərəfdən şəhərin girişində Xan bağı deyilən ərazi var idi. Bu gün də həmin yerlər azərbaycanlıların adlandırdığı kimi qalıb. Çünki ermənilər bilirlər ki, tarixi nə qədər çalışsalar da, tam silə bilməzlər.

Ermənilər dünyaya verdikləri mesajlarda yenə yalanlar sərgiləyiblər. Onlar iddia edirlər ki, guya Xankəndinin 120 000 əhalisi var. Halbuki 1990-cı ilə qədər, biz oradan məcbur çıxarılanda Xankəndinin 11 məktəbinin ikisi Azərbaycan məktəbi idi. Hətta bir Azərbaycan məktəbi də qanunsuz ləğv edilmişdi. Əhalinin sayı artıbsa, bəs məktəblərin sayı niyə eyni qalıb? Aydın görünür ki, ermənilər əhali sayını ancaq kağız üzərində artırıblar”.

Xankəndi sakini deyib ki, bütün xankəndililər geri dönməyə hazırdırlar:

“Biz yurdumuza, evimizə gedəcəyik. Mən bilirəm ki, evimiz bizi gözləyir, məni gözləyir. Evimiz ata-anamın yolunu gözləyir. Çünki orada hər kəsin, həmçinin mənim valideynlərimin böyük zəhməti, əməyi hesabına qurulmuş şəhərimiz var. Azərbaycanlıların orada qəbiristanlığı var. Qəbiristanlığın hansı durumda olduğunu bilmirik. Ziyarət edəcəyik. Ermənilər nə qədər çalışsalar da, azərbaycanlıların Xankəndidə yaşadığını dana, öz iddialarını sübut edə bilməzlər. Biz xankəndiliyik və həyatdayıq. Var olduğumuz müddətcə torpağımıza qayıtmaq üçün mübarizə aparacağıq”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir