• Bz. Noy 24th, 2024

“Ermənilər etiraf edirlər ki, onlar Zabuxa 1994-cü ildə gəliblər” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Avq 26, 2022

“Azərbaycanın hansı bölgəsində oluruq-olaq, bir-birimizlə əlaqə saxlayırıq. Çünki bizi birləşdirən bir amal var. O da Zabux həsrətidir. Müzəffər Ali Baş Komandan başda olmaqla qalib Azərbaycan Ordusuna minnətdarıq. Sağ olsunlar ki, bu sevincli və qürurlu günü bizə yaşatdılar”.

Bu barədə Oxu.Az-a müsahibəsində Zabux kənd sakini Mübariz Rüstəmov deyib.

Onunla Zabuxun işğal olunması tarixi, kənddəki həyatı və kəndin Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülməsinin zabuxlularda yaratdığı hiss-həyəcan barədə danışdıq. Həmin müsahibəni təqdim edirik:

– Zabux kəndinin işğalı barədə nə deyə bilərsiniz?

– 1962-ci ildə Laçın rayonunun Zabux kəndində anadan olmuşam. Ali məktəbi bitirdikdən sonra 1990-cı ildə Zabux kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərdim. İki ildən sonra ermənilərin Azərbaycana qarşı ərazi iddiaları torpaqlarımızın işğalı ilə nəticələndi. İşğaldan sonra biz Bərdə şəhərində məskunlaşmaq məcburiyyətində qaldıq. İki il Laçında müdafiə batalyonunda döyüşdüm. Lakin nə qədər mübarizə aparsaq da, torpaqlarımız işğal olundu. Həmin müddətdən qaçqınlıq həyatı yaşayırıq.

– Həmin dövrdə orduda vəziyyət necə idi? Bakıdan kömək ala bilirdiniz?

– Həmin dövrdə Azərbaycanda hakimiyyətsizlik hökm sürürdü. Vahid komandanlığın olmaması, özbaşınalıq, ordu daxilindəki qruplaşmalar torpaqlarımızın işğalına gətirib çıxardı. Əgər vahid komandanlıq, siyasi sabitlik olsaydı, 30 il Laçınsız acınacaqlı bir həyatımız olmazdı.

– İşğal zamanı evli idiniz? Övladlarınız var idi?

– Xeyr, evli deyildim. Lakin bacılarım, qardaşlarımla, bir sözlə, ailəliklə Zabuxda yaşayırdıq. Laçın rayonunun sakinləri işğal zamanı ölkənin 58 rayonuna səpələndilər. Övladlarım isə ümumiyyətlə Zabuxu görməyiblər.

– Hazırda yaşadığınız yerdə sizdən başqa zabuxlular var?

– Bəli, var, lakin uzaqdadırlar. Zabuxlular daha çox Pirşağı qəsəbəsində məskunlaşıblar.

– Zabuxlularla 30 il ərzində əlaqələriniz olub?

– Əlbəttə, Azərbaycanın hansı bölgəsində oluruq-olaq, bir-birimizlə əlaqə saxlayırıq. Çünki bizi birləşdirən bir amal var. O da Zabux həsrətidir. Müzəffər Ali Baş Komandan başda olmaqla qalib Azərbaycan Ordusuna minnətdarıq. Sağ olsunlar ki, bu sevincli və qürurlu günü bizə yaşatdılar. Biz Zabuxa quruculuq işlərinə köməyə getmək üçün çantalarımızı hazırlayırıq.

– Yəni birdəfəlik Zabuxa köçürsünüz…

– Bəli, Zabuxa qayıdışı səbirsizliklə gözləyirik. Öndə gedənlərdən biri də mən olacam. İstəyirəm ki, Zabuxda müəllimlik fəaliyyətimi davam etdirim.

– Zabuxu bizə necə təsvir edərsiniz?

– Zabuxda yaşayan zaman onun gözəlliyinin fərqinə bir o qədər də varmırdıq. Zabux Azərbaycanla Ermənistan arasındakı yolun üzərində yerləşir. Dəhliz adlandırılan ərazi bizim kənddən başlayır. Zabuxun mərkəzindən böyük bir çay axır və bu çay kəndi iki hissəyə bölür.

Ermənilər iddia edirlər ki, guya miladdan əvvəl burada ermənilər yaşayıblar. Lakin mən tarixçi olduğuma görə rahatlıqla bu iddianın yalan olduğunu deyə bilərəm. Laçında üç yüzə qədər maddi-mədəniyyət abidəsi var. Bunların içində alban abidələri üstünlük təşkil edir. Bəzi ermənilər də etiraf edirlər ki, onlar Zabuxa 1994-cü ildə gəliblər. Onlar özləri öz yalanlarını ifşa edirlər. Laçında, eyni zamanda Zabuxda əvvəllər ermənilər yaşamayıblar.

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir