• Ç. Noy 27th, 2024

“Ermənistanın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur” – RƏY + FOTO

ByYenigun.news

Avq 13, 2022

“Qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi bu gün də həyata keçirilən iqtisadi siyasətin əsasında dayanır. Bu isə regionların inkişafını, onların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur”.

“Report” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənən dövlət proqramlarının, inkişaf strategiyasının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir:

“Prezidentin mütəmadi olaraq bölgələrə səfəri, görülən işlərlə yaxından tanış olması, ictimaiyyəti narahat edən, düşündürən məsələləri onların özündən eşitmək istəyidir. Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan diqqətçəkəndir. Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibədə diqqət göstərdiyi əsas məsələlərdən biri ərzaq təhlükəsizliyidir:

“Qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar sektorun inkişafı bütün dövrlərdə əsas olub. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya əsas hədəf kimi qoyulub. Rayonlar arasında ixtisaslaşmanın həyata keçirilməsi, bu və ya digər kənd təsərrüfatı sahəsinin inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi, həmçinin dövlət başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi də deyilənlərin təsdiqidir. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etmək üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Ölkə Prezidentinin Fərmanı ilə iqtisadi rayonların bölgüsünün həyata keçirilməsi, onların sayının 14-ə çatdırılması, ən əsası yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da gələcəyə hesablanmış addımlar sırasındadır. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Statistikaya müraciət etsək görərik ki, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Bu aqroparklardan biri də Ağsu rayonunun Çiyni kəndində “Ağsu Aqropark” QSC tərəfindən yaradılmış aqroparkdır ki, dövlət başçısı İlham Əliyev səfər çərçivəsində onun fəaliyyəti ilə tanış yaxından oldu”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir:

“Azərbaycan öz daxili istehsalını maksimum artırır, hər hansı bir çətinlik yarananda tələbatımızı tam təmin etmək imkanına malik oluruq. İdxaldan asılılıq maksimum dərəcədə azaldılır. Hazirki dövrdə dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığı azaltmaq üçün strategiyası var. 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmə strategiyası özünün uğurlu nəticəsini verir. Prezidentin müsahibədə qeyd etdiyi kimi, iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq edildi. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun əksər hissəsini özəl sektor formalaşdırır. “Biz real həyatda yaşayırıq” söyləyən ölkə başçısı bu mühüm çağırışı da etdi ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq”.

V.Rəhimzadə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində bu torpaqların iqtisadi potensialından istifadə edərək kənd təsərrüfatının inkişafına yönələn addımlara da diqqəti yönəldib:

“Tarixi Zəfərimizdən dərhal sonra bu ərazilərdə minalardan təmizlənmə prosesi ilə yanaşı, heyvandarlığın və əkinçiliyin inkişafına yönələn işlər də diqqətdən kənarda qalmır. Prezident sözügedən müsahibədə bu işlərdən geniş bəhs edərək belə bir əminliyi ifadə edib ki, şəffaflığın təmin olunması, yeni texnologiyaların tətbiqi, bütün işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması sayəsində gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək. Ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”.

O, dövlət başçısının AzTV-yə sonuncu müsahibəsinin digər müsahibələr kimi Ermənistana ciddi mesajlar və xəbərdarlıqlarla zəngin olduğunu qeyd edib:

“Qisas” əməliyyatından danışan ölkə Prezidenti vurğulayıb ki, bu, bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq” söyləyən Müzəffər Ali Baş Komandan əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”.

Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə siyasi iradəmizə təsir etmək imkanına malik deyil söyləyən YAP funsioneri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq etdi:

“Xatırlasaq, müharibənin dayandırılması ilə bağlı dövlətimizə nə qədər təzyiq cəhdləri edilirdi. Amma hər zaman dəyişməz mövqeyini nümayiş etdirən Azərbaycan dövləti müharibəni sonadək apardı, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. “Qisas əməliyyatı”ndan sonra Prezident İlham Əliyevə dünya güclərinin rəsmiləri tərəfindən edilən zənglərə, onların ifadə etdikləri narahatlıqlara da diqqət yetirmək kifayətdir. Azərbaycan dövlətinin bu narahatlıqlara cavabı dəyişməzdir: Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu kimi ciddi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan 30 ilə yaxın işğal dövrünün Azərbaycanı deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “dəmir yumruq” yerindədir.

Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi:

“Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir.”

V.Rəhimzadə bildirib ki, ölkə başçısının “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” sözləri Ermənistana ciddi mesajdır:

“Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən gedir ki, dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir