• Ç. Noy 27th, 2024

Fərid Şəfiyev Moskvadakı üçtərəfli görüşdən DANIŞDI: “Anklavlar da müəyyən olunacaq”

ByYenigun.news

İyn 4, 2022

“Ciddi nəticə əldə etmək üçün beş-altı, bəlkə də, daha çox görüş lazım olacaq”.

Bunu Bizim.media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın birgə sədrliyilə keçirilən üçtərəfli işçi qrupunun görüşünü şərh edərkən deyib:

“Komissiyaların işi başlayıb. Bu, ikinci görüşdür. Gözlənti baxımından bu, uzun prosesdir. Təcrübəyə baxsaq, Rusiya ilə sərhədlərin müəyyən edilməsi prosesini 2010-cu ildə başa vurduq, proses 15 il davam edib.

Gürcüstanla isə hələ də sərhədin 30 faizi müəyyən olunmayıb. Ona görə bu da gözlənti baxımından uzun proses olacaq. Lakin ölkəmiz üçün ilkin mərhələdə müəyyən prinsiplərlə bağlı razılığa gəlmək, xəritələr haqqında fikir mübadiləsi aparmaq və nəticə olaraq müəyyən bir xəritəni təsdiqləmək önəmlidir. Anklavlar haqqında da müvafiq qərarlar var. Təbii ki, onlar da müəyyən olunacaq. Sənədləşmə aparılmalıdır”.

Həmsöhbətimiz deyir ki, belə təmaslar mütəmadi olmalıdır:

“İş davam etməlidir. Birinci mərhələdə müəyyən prinsiplər müəyyən ediləcək. Sonda isə onun əsasında sərhədlərin delimitasiya və demarkasiyası yerində həyata keçiriləcək. Düzdür, Moskvada konkret nəticə əldə olunmayıb. Bunun üçün beş-altı, bəlkə də, daha çox görüş lazım olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir