• Şb. Noy 23rd, 2024

Fazil Mustafaya terror hücumu – Tehran rejiminin gizlədə bilmədiyi üzü – ŞƏRH

ByYenigun.news

Mar 30, 2023


Azərbaycanın İsraildə və Fələstində diplomatik nümayəndəlikləri rəsmi olaraq açıldı. Rəsmi Bakı bununla da hər iki dövlətə, Orta Şərqə münasibətini nümayiş etdirdi.

Təəssüf ki, bu xoşməramlı diplomatik fəaliyyətə Tehran rejimi və onun dəstəklədiyi qruplar, yumşaq desək, isti yanaşmadı. Yəhudi dövlətində səfirliyin açılması ərəfəsində deputat Fazil Mustafaya terror hücumu oldu. İran İslam İnqilabı Keşikçiləri Korpusu təmsilçiləri əvvəllər də çıxışlarında Azərbaycanı terrorla hədələyiblər.

Bundan başqa İranın müxtəlif din xadimləri Azərbaycanın siyasi, ictimai xadimlərini ölüm və buna bənzər əməllərlə hədələyiblər.

Akademik Ziya Bünyadovun, tanınmış ziyalı, yazıçı Rafiq Tağının qətlləri Tehran rejiminin Şimali Azərbaycanda təşkil etdiyi terrorlardandır.

Ötən il Azərbaycanın Qarabağ iqtisadi rayonuna göndərdiyi terrorçularla bağlı rəsmi Bakının sorğusunu İran hakimiyyəti hələ də cavablandırmayıb.

Bu məsələlərlə bağlı heç bir açıqlama verməyən rejim Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etdi. Fazil Mustafaya edilən hücum İranın törətdiyi növbəti terror hadisəsidir.

İran hakimiyyətinin Azərbaycana qarşı etdiyi pisliklər bununla kifayətlənmir. Birinci Qarabağ müharibəsi zamanı Tehran rejiminin işğalçılara yardımı da unudulmayıb.

İran hakimiyyətinin Türkiyədə İsrailin iş adamlarına qarşı terror cəhdləri də onun pozuculuq fəaliyyətinə dair örnəklərdəndir.

Tehran rejimi Tbilisidə İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş adamı İtzik Moşenin həyatına qarşı da terror aktı planlaşdırıbmış. İsrail mətbuatının məlumatına görə, sui-qəsd əvvəllər Gürcüstanda Qüds qüvvələri üçün çalışmış Məhəmməd Rza Ebadi Ərəblu adlı İran vətəndaşı tərəfindən sifariş edilib. Həmin qətlin İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoşunu tərəfindən təşkil olunduğu bildirilmişdi.

Azərbaycanın İsraildə səfirliyinin açılmasına qarşı Tehranla yanaşı onun dəstəklədiyi və maliyyələşdirdiyi Fələstinin “İslami-cihad” silahlı hərəkatı da çıxış edib. Onun liderlərindən biri Xalid əl-Bataş bildirib ki, Azərbaycan bununla böhran yaşayan İsrailin baş naziri Binyamin Netanyahu üçün xilas rolu oynayıb. Əl-Bataş “İslami-cihad”ın Azərbaycanın, ərəb və islam ölkələrindən hər hansı birinin İsraillə münasibətlərini normallaşdırmasını pislədiyini bildirib.

Məlumatlara görə, “İslami-cihad” hərəkatı İran hakimiyyəti tərəfindən maliyyələşdirir. Bu silahlı qruplaşmanı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, İsrail və başqa dövlətlər terrorçu təşkilat olaraq tanıyır.

Azərbaycan Respublikasının vətəndaşlarına, səfirliyinə qarşı törədilən terror aktları ilə bağlı İranın ali rəhbəri ayətullah Xamenei indiyədək fikir bildirməyib. Xamenei azərbaycanlı kimi təqdim edilsə də, əslində, bu amil fars şovinistləri tərəfindən Güney azərbaycanlıları sakitləşdirmək üçün sırınan bir arqumentdir. Əslində o, Azərbaycana, Türkiyəyə qarşı fəaliyyət göstərən rejimin, dəstənin başçısıdır.

Güney Azərbaycana və Azərbaycan Respublikasına qarşı törətdiyi çoxsaylı cinayət əməlləri, habelə torpaqların işğalı, azad olunan zaman və sonrakı mərhələdə Xameneinin başçılıq etdiyi rejimin tutduğu mövqe onun yuxarıda qeyd etdiyimiz mahiyyətini göstərir. Onun nümayəndəsi Əliəkbər Ocaqnejadın Azərbaycan Respublikasında 5-ci kolon yaratmaq cəhdi və İranın aşkar edilən casus şəbəkəsi Tehran rejiminin gizlədə bilmədiyi üzü, bədxah əməlləridir.

“Report” İnfomasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir