Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.
Xanım Kolonna Fransa parlamentində çıxışı zamanı səfər proqramının aprel ayının əvvəllərində reallaşacağını deyib.
Ermənistana qucaq açan, Azərbaycana qərəz və kin qusan Fransanın baş diplomatının regiona hansı mandatla gələcəyi özü qaranlıqdır.
Fransa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün beynəlxalq öhdəlik və funksiyalarını itirib, çünki onun davranışları tamamilə aşkar şəkildə İrəvanın revanşist meyillərinin boy atmasına köklənib.
Paris bir məsələyə istinad edə bilər – Avropa İttifaqının monitorinq missiyası Ermənistan ərazisindən sərhədi yoxlayır və Fransa İttifaqın aparıcı üzvü kimi bunu yönləndirir.
Ancaq yenə də obyektivlik prinsipləri kölgə altındadır, çünki Fransanın regiondakı maraqları yalnız bir tərəfin faydasına fokuslanıb. Bu isə regionda sülh və sabitliyə deyil, Ermənistanın işğalçılıq siyasətinin əbədiləşdirilməsi cəhdlərinə töhfə verir.
Fransa regionda Britaniyaya, ABŞ-yə, Türkiyəyə uduzduğunu görəndən sonra Ermənistana qahmar çıxan Hindistana və İrana bel bağlayır. Yəni Hindistanın Ermənistanı silahlandırması, İranın bu xəttə dəstəyi Fransa üçün göydəndüşmə fürsətdir. Bu azmış kimi, Fransa Rusiya vasitəsilə də nələrəsə sahiblənmək niyyətindədir, ancaq bu da uzunmüddətli perspektiv üçün Parisə xeyirli nəticələr vəd etmir.
Bununla belə, Fransa Ermənistanın qisasçılığını körükləmək üçün atılan kəndirləri strateji komponent halında cəmləşdirərək Cənubi Qafqazda Azərbaycan əleyhinə hücum siyasətinin mərkəzinə keçmək istəyir.
Fransa Laçın yolundakı cari vəziyyətin tərifini blokada başlığı altında təqdim etməklə siyasətindəki məqsədlərinə çatmağı hədəfləyir. Buradakı məqsədi ilə Azərbaycan-Ermənistan sərhədindəki maraqlarını birləşdirərək yekun bir nöqtədə dayanmaq Fransanın az qala ali məqsədinə çevrilir.
Bütün bunlara görə, Azərbaycana qarşı təhlükəli konfiqurasiyaların həmmüəllifi olan Fransanın XİN başçısının səfəri Bakı üçün o qədər də məqbul variant sayılmır.
Diktə etməyə çalışan, Azərbaycanı vassal kimi görmək istəyən Fransa dövləti və onun xarici siyasət idarəsinin rəhbərinin səfərinin faydasından çox ziyanı var.
Çünki xanım Kolonna Azərbaycana bəd, Ermənistana isə xoş məramla yollanmağı planlaşdırır. Yəni kimsə inanırsa ki, Kolonnanın səfəri ilə Fransanın xarici siyasət prioritetlərinə dəyişiklik olacaq, o, kökündən yanılır.
Azərbaycan dövlət olaraq Kolonnanın səfərinə ciddi bir hazırlıq görmür, lakin Fransa ritorikasında redaktələr etsə, bir qədər fərqli davrana bilər.
Yox, əgər Kolonna eyni leksikonla Bakıya ayaq basacaqsa, onun qarşılanma və ya müzakirələr üçün tərəf müqabillərinin seçilməsi prosedurlarında özü üçün xoş olmayan situasiya, mənfi mənada sürpriz yarana bilər.
Aqşin Kərimov