• C. Noy 29th, 2024

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

ByYenigun.news

May 10, 2022

“Vmedia” yutub kanalı “Erməni xalqı – nasizmin qurbanı” adlı növbəti video dərc edib. Həmin videoda deyilir ki, Ermənistanda son onilliklərdə nasizmin qəhrəmanlaşdırılması ölkənin tarixində dönüş nöqtəsində olduğu indiki məqamla birbaşa bağlıdır. Çünki indi onlar ya sülhü, ya da qonşu dövlətlərə qarşı təcavüzkar siyasətin davam etdirilməsini seçməlidirlər.

“Report” xəbər verir ki, filmdə Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın hakimiyyəti dövründən başlayaraq nasizmin necə dövlət ideologiyasına çevrilməsindən bəhs edilir. Belə ki, Qaregin Njdenin mahiyyətcə nasist doktrinasını – tsexakronutyunu qəbul edən Ermənistanın Respublika Partiyası tərəfindən nəşr olunan broşürdən nümayiş etdirilən çıxarışlarda faşizmlə, onun “qanın təmizliyi” və “dilin təmizliyi”, kasta sistemi, “qeyri-insanlar”ın əhatəsində Ermənistan cəmiyyətinin ali irq kimi təqdim edilməsi, etnik təmizləmələr, qonşu dövlətlərə qarşı təcavüzkar siyasət və s. kimi prinsipləri ilə paralellər aydın görünür. Müəlliflər Qaregin Njdenin həm mütləqiyyətə yaxın Rusiya İmperiyasında, həm demokratik ABŞ-da, həm də müxtəlif illərdə Bolqarıstanda İranda, kommunist SSRİ-sində cinayətkar hesab edildiyi halda (nəticədə həbs cəzasına məhkum edilib və ya deportasiyaya məruz qalıb) niyə yalnız nasist Almaniyasının və bugünkü Ermənistanın, necə deyərlər, işinə yaradığına dair suala cavab veriblər. Njdenin terror fəaliyyətinin sübutu kimi, məsələn, unikal kadrlar – 1912-ci ildə Sankt-Peterburqda məhkəməsi keçirilən “Daşnaksütyun” partiyasının işi üzrə ittiham aktının səhifələri göstərilir.

Politoloq Fuad Axundov film ilə bağlı şərh verərkən Njdenin ideologiyasını qəbul edən və nasizmin yayılmasında bilavasitə məsuliyyət daşıyan erməni siyasətçilərinin – Köçəryan, Sarkisyan, Ohanyan və başqalarının bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, bununla da Cənubi Qafqaza çoxdan gözlənilən sülhün gəlməsinin əsas əleyhdarları olmasının çox rəmzi xarakter daşıdığını vurğulayıb.

“Məhz bu insanlar, mahiyyət etibarı ilə nasistlər revanşist tələblərlə hazır vəziyyətdə aktiv fəaliyyətə keçiblər. Köçəryanın, Sarqsyanın və digərlərinin ideologiyası qonşu dövlətlərə qarşı ərazi iddiasıdır. Görün, onlar öz xalqını hansı hala gətirib çıxarıblar? Və indi də yenidən erməniləri aldadaraq onları nasist şüarları altında yalançı “azadlıq” müharibəsinə səsləməyə çalışırlar”, – F.Axundov deyib.

Ona görə də “Erməni xalqı – nasizmin qurbanı” filmində Ermənistanda nasist ideologiyasını yaymaqda və tətbiq etməkdə günahkar olanların hamısının ədalətlə cəzalandırılması çağırışı yer alır. Heç təəccüblü deyil ki, Qarabağda insanlığa qarşı cinayətləri məhz onlar törədiblər – dinc azərbaycanlı əhalini öldürüb və qovublar, Azərbaycan xalqının mədəni və dini irsini məhv ediblər. Bu baxımdan Ermənistandakı indiki hadisələr proqnozlaşdırılan idi.

“Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq. Regiona nəhayət ki, sülh gələcək, bu da öz növbəsində rifah və sabitlik gətirəcək. Tam qanunauyğunluq. Bu, erməni xalqı üçün keçmişdə baş verənlər, ən əsası isə ölkənin indi hansı yolu seçəcəyi barədə düşünmək üçün əsasdır”, – F.Axundov fikrini tamamlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir