“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan “Naxçıvan – yaşıl enerji zonası” Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, proqramın altıncı prioritet istiqaməti elektrik enerjisinin istehsalının və ixracının artırılmasıdır:
“Dövlət Proqramında elektroenergetika infrastrukturunun yenilənməsi ilə paralel, həm də Azərbaycan-Türkiyə yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi əsas məsələlər sırasında yer alıb. Proqramda nəzərdə tutulduğu kimi, Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyənin enerji sistemi vasitəsilə aparılması və Naxçıvanın enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvanda elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq. Bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcək”.
Onun sözlərinə görə, Naxçıvanda mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, bərpa olunan enerji resurslarından (əsasən, Günəş) və dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcək.
F.Nəcəfli əlavə edib ki, həmçinin, mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparılmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılması elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcək.
“Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvanda təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı müəyyənləşdirilən əsas tədbirlərdəndir”, – Prezidentin səlahiyyətli nümayəndəsi bildirib.