Ötən gündən etibarən Ermənistan ordusunun hərbi hissələrində taktiki təlimlər başlayıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan xüsusilə sərhədyanı ərazilərdə mütəmadi olaraq hərbi təlimlər keçirir. Hətta vaxtaşırı mövqelərimizi atəşə tutaraq, təxribat törətmək cəhdlərini də müşahidə edirik.
Məsələni Oxu.Az-a şərh edən politoloq Ramiyə Məmmədova bu təlimlərin son vaxtlar Ermənistanın daxilində və Qarabağda gedən proseslərlə əlaqədar olduğunu deyib:
“İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ermənilər, Ermənistan “müxalifət”i və Qarabağdakı separatçılar hələ də qəbul edə bilmirlər. 2020-ci ildə Üçtərəfli Bəyanat imzalansa da, ermənilər hələ də öhdəliklərini yerinə yetirmirlər. Ona görə də Azərbaycan və Rusiyanın haqlı təzyiqlərinə məruz qalırlar. Rusiyanın verdiyi son nota da göstərir ki, Moskva onları əvvəlki kimi dəstəkləmir, daha çox Azərbaycanın üzərindən addım atmaq niyyətindədir. Çünki bu gün Azərbaycan geosiyasi baxımdan daha güclü dövlətdir.
Vətən müharibəsindən sonra Azərbaycan bütün yüksək səviyyəli görüşlərdə Ermənistana məsələni tamamilə bitirib sülh müqaviləsi imzalamaq şansı verdi. Lakin Ermənistan Qarabağda silsilə terror aktları törətməyi seçdi. Terrorçuların Qarabağdan çıxarılmaması Ermənistanın daxilində olan problemlərin təzahürüdür. İrəvan hələ də Qarabağdakı separatçı ünsürlərə nəzarət edə bilmir”.
Ekspert qeyd edib ki, Ermənistan təlimlərlə hələ də hərbi gücünün olduğunu göstərməyə çalışır:
“Ermənistan müxalifətinin Paşinyana qarşı yaratdığı siyasi oyunlar ona qarşı sui-qəsd iddialarının səslənməsinə gətirib çıxarıb. Paşinyan bu gün hakimiyyətini qorumaq üçün hər yoldan istifadə etməlidir. Bu səbəblə o, təlimlər keçirərək rəy yaratmağa çalışır ki, Ermənistan hələ də nəyəsə qadirdir. Ancaq biz gözəl bilirik ki, Ermənistan hərbi baxımdan çox zəifdir. Onun sovet dövründən qalan silah-sursatı, o cümlədən Rusiyanın Vətən müharibəsində və ondan əvvəl ötürdüyü silahlar artıq heç bir işə yaramır. Bu gün iqtisadi baxımdan Ermənistan özünü o səviyyəyə çatdırmayıb ki, Azərbaycan kimi yeni hərbi avadanlıqlar alsın. Rusiya ona dəstək verməsə, Ermənistan özbaşına heç nə edə bilməyəcək. Ermənistan bir dövlət kimi ayaqda qalmaq üçün sülh müqaviləsi imzalamalı və region dövlətləri ilə birgə layihələrdə iştirak etməlidir”.
Qeyd edək ki, “Global Fire Power 2022” hesabatına görə, dünyanın ən güclü ordusu ABŞ-a məxsusdur. Azərbaycan siyahıdakı 140 ölkə arasında 63-cü, Ermənistan isə 97-ci sırada dayanır. Qardaş Türkiyənin ordusu isə 13-cü pillədə qərarlaşır.
Sayad Həsənli