• Şb. Noy 23rd, 2024

“Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi keçirilib – FOTO

ByYenigun.news

Sen 29, 2023


Bu gün hüquq peşəkarları üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının (HELP) “Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi keçirilib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Tədbir “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Əməkdaşlıq Proqramları Bölməsi tərəfindən təşkil olunub.

Bir aylıq təlim kursunun məqsədi hər üç peşə nümayəndələrinin bir-birinin etik davranış öhdəlikləri ilə daha yaxından tanış olması, eyni zamanda bu sahə üzrə beynəlxalq standartların milli səviyyədə tətbiqi təcrübəsinin genişləndirilməsidir.

Hibrid formatda keçirilən açılış mərasimində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini – Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov, Avropa Şurası İnsan hüquqları, Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq standartlarının icrası departamentinin rəisi Frédéric Dolt, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dekan müavini, HELP proqramının hakimlər üzrə əlaqələndiricisi Günel Sadıqova iştirak edib.

Açılış nitqi ilə çıxış edən Frederik Dolt təlim kurslarının mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. O, bu kimi təlim kurslarının nəticəsində hakimlərin, prokurorların və vəkillərin insan hüquqları üzrə tədrisin müasir metodlarına yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

Daha sonra açılış nitqi ilə çıxış edən Şahmar Məmmədov tədbir iştirakçılarını Kollegiyanın sədri Anar Bağırov və bütün vəkil korpusu adından salamlayıb, HELP proqramının əhəmiyyətini vurğulayıb, son illər ərzində Vəkillər Kollegiyasının verdiyi töhfələrdən bəhs edib. Onun sözlərinə görə, ötən dövrlərin statistik göstəricilərini nəzərdən keçirdikdə görmək olar ki, HELP platformasından istifadə edən vəkillərin sayı kifayət qədər artıb. Sədr müavini bildirib ki, təlimçilərin böyük bir qismi vəkillərdir və bu, təqdirəlayiq haldır, çünki vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində əsas yerlərdən birini tutur.

Bundan başqa, Ş.Məmmədov bugünkü təlim kurslarının mövzusuna uyğun olaraq, 2017-ci ildən etibarən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun təşkil olunmasını xüsusilə qeyd edib, o cümlədən, Hüquqi Yardım və Tədris Mərkəzinin potensialı, burada təşkil edilən çoxsaylı təlimlər, ixtisasartırma kursları, HELP proqramı ilə əməkdaşlıq, iştirakçılarla bağlı statistika barədə geniş məlumat verib.

Həmçinin, Tural Aslanov və Günel Sadıqova da tədbir iştirakçılarının qarşısında çıxış edərək təlim kursları barədə danışıb, iştirakçıları məlumatlandırıb.

Bundan sonra isə Avropa Şurası, Avropa ittifaqında HELP proqramı, layihə koordinatoru Ana-Maria Telbis tərəfindən “HELP fəaliyyətləri, təlim kurslarının həyata keçirilməsi və statistik məlumat”, Türkiyə Ədliyyə Akademiyasından HELP üzrə əlaqələndirici şəxs Onur Utku Sevim “Türkiyə Ədliyyə Akademiyasında HELP təlim kurslarının həyata keçirilməsi”, mövzuları üzrə təqdimat ediblər.

Tədbirin ikinci hissəsində isə HELP təlimçiləri Günel Sevdimalıyeva, Günay Əyyubova və Sadiq Bağırov tərəfindən müvafiq olaraq “Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” mövzularında ayrı-ayrı təlim sessiyaları start götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir