Azərbaycan Ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Gəncə şəhərində səfərdədir.
APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti saat 10:00-da Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş ərazilərdə olacaq və orada olan obyektlərdə monitorinq aparacaq. Həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur. Raket hücumuna məruz qalan ərazilərdən biri olan Qələbə parkının ziyarət edilməsi və erməni terrorundan zərər çəkmiş insanlarla görüş keçirilməsi də plandadır.
Bundan başqa, qonaqların İmamzadə Ziyarətgah Kompleksini ziyarət etməsi və şəhərin digər ərazilərinə də baxış keçirmələri nəzərdə tutulub. Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlanaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Xatırladaq ki, sentyabrın 2-dən ölkəmizdə səfərdə olan İƏT MDİHK nümayəndə heyəti ötən günlərdə işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olub. Onlar sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaqlar.