• Bz. Noy 24th, 2024

İƏT üzvü: “Məzarların, məscidlərin dağıdılması gördüyümüz əsas insanlıq əleyhinə cinayətlərdən oldu”

ByYenigun.news

Sen 4, 2023


“Məzarların, məscidlərin dağıdılması gördüyümüz əsas insanlıq əleyhinə cinayətlərdən oldu”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərin əsas məqsədi 30 illik işğal dövründə Qarabağda insan hüquqlarının pozulması faktlarının araşdırılması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır:

“Dünən Füzulidə, sonra Ağdamda olduq. Bu gün də Gəncədəyik.

Məzarlıqlardakı soyğunçuluq, başdaşılarının yerindən tərpədilməsi, məzarların yararsız hala gətirilməsi, məscidlərin dağıdılması gördüyümüz əsas insanlıq əleyhinə cinayətlərdən oldu”.

H.A.Açıkgül, həmçinin xatırladıb ki, ermənilər uzun illər ərzində məscidlərdə heyvan, o cümlədən, donuz saxlayıblar:

“Kəndlərdə, qəsəbələrdə daş üstündə daş qalmayıb. İnsanların yaşamağına icazə verilməyib. Ona görə də bir milyona yaxın insan torpaqlarını tərk etməyə məcbur olub. Biz bu barədə faktlarla tanış olduq. Bütün bu sadaladıqlarım hərbi cinayətlərdir”.

Komissiyanın sədr müavini qeyd edib ki, bu gün Gəncədə olarkən şəhərə raket hücumunun nəticələri ilə tanış olublar:

“Kədərləndik. Təəssüf ki, raket hücumu nəticəsində 6 uşaq həlak olub. Onların oyuncaqları xatirə olaraq saxlanılır. Cenevrə razılaşmasına görə, müharibə zamanı mülki hədəflərin məqsədli şəkildə hədəf alınması birbaşa olaraq hərbi cinayət, insan hüquqlarının pozulmasıdır. Biz bu faktları sənədləşdirəcəyik”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər edib.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən, hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir